Nazirlikdən bezdirici SMS-lərə münasibət: "Məhkəməyə verin"




Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam xarakterli SMS-ləri, mobil operatorlarla müqavilə əsasında fəaliyyət göstərən kontent provayderlərin fəaliyyəti barədə hər gün insanlar tərəfindən şikayətlər səsləndirilsə də problem öz həllini tapmır.

Abonentlərin xəbəri olmadan bu və ya digər xidmətlərə ödənişli qoşulması, eyni zamandan balansdan pul çıxılması halları ilə bağlı məlumatlar paylaşılmasına, xəbardarlıq edilməsinə baxmayaraq, hər ötən gün bu kimi hallar artmaqda davam edir. Hətta “ödənişli xidmətlərdən” imtina etdikdə belə, müəyyən müddətdən sonra balansa yüklənən puldan “əsər-əlamət qalmır”.

Bundan təngə gələn insanlar artıq çıxış yolunu həmin operatorları və tərəfdarları olduqları şirkətləri məhkəməyə verməkdə tapırlar.

AzVision.az məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin rəsmisi Tahir Məmmədov AzVision.az-a bildirib ki, bu, operatorlardan çox onu göndərən şirkətlərin problemidir.

“Vətəndaş öz hüquqlarının pozulduğu qənaətindədirsə, onun təbii ki, məhkəməyə müraciət etmək hüququ var. Vətəndaş xidmət göstərən şirkət arasında bağlanmış müqaviləyə əsasən onun həmin xidmət keyfiyyətini tələb etmək hüququnu həmişə özündə saxlayır. Vətəndaş hər hansı xidmət göstərilməsində aldadıldığını hesab edirsə və ona razılıq vermədiyi iddia edirsə, təbii ki, bu, məhkəmə predmetinə çevrilir və hüquq müstəvisində həllini tapmalıdır”.

T.Məmmədov qeyd edib ki, nazirlik mütəmadi olaraq bu və ya digər məsələlərlə bağlı operatorlara öz tövsiyyələrini verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu