Equinor Energetika Nazirliyində enerji perspektivlərinə dair təqdimat edib


Equinor Energetika Nazirliyində enerji perspektivlərinə dair təqdimat edib


Energetika Nazirliyində “Equinor” şirkətinin baş vitse-prezidenti Erik Vaernessin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri kimi Equinor (əvvəlki “Statoil”) şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, “Equinor” şirkəti ilə “Qarabağ” yatağı, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsi üzrə əməkdaşlıqla yanaşı, bərpa olunan enerji sahəsinin inkişafında birgə layihələrin həyata keçirilməsi də prioritet istiqamətlərdəndir.



Sonra “Equinor” şirkətinin baş vitse-prezidenti Erik Vaernessin “Enerji Perspektivləri 2018” mövzusunda təqdimatı dinlənilib. Bildirilib ki, enerjinin gələcəyini neft və qaz sənayesində islahatların aparılması, karbon emissiyalarını azaltmaq üçün səmərəli enerji təchizatına nail olmaq, hamı üçün ucuz, etibarlı, davamlı enerjidən istifadəni təmin etməkdir. Müxtəlif ssenarilər əsasında hazırlanmış 2050-ci ilədək enerji istehlakının proqnozlaşdırılması barədə məlumatlar diqqətə çatdırılıb, gələcəkdə enerji istehlakında neft-qaz resursları və bərpa olunan enerji mənbələrinin payı, enerji resurslarından səmərəli istifadə, yeni texnologiyaların tətbiqinin ətraf mühitə atılan tullantıların azaldılmasına təsiri üzrə proqnoz rəqəmlər təhlil edilib.

2015-2050-ci illər üzrə yaşayış, nəqliyyat, sənaye və digər sahələr üzrə elektrik enerjisinə, neft və qaza tələbatla bağlı müqayisələr aparılıb, iqtisadi artım və enerjiyə tələbin çoxalması nəticəsində günəş və külək enerjisindən geniş istifadə ilə bağlı proqnoz göstəricilər nəzərdən keçirilib. Qeyd olunub ki, gələcəkdə neftə tələbat nəqliyyat sektoru, qaza tələbat isə elektrik enerjisinin istehsalı hesabına formalaşacaq. Bütün ssenarilərdə neft-qaz sektoruna gözlənilən sərmayələr bərpa olunan enerji mənbələri ilə müqayisədə az olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu