Nazirlik telekommunikasiya sektorundan əl çəkmir


Telekommunikasiya sektoru ilə bağlı Strateji Yol Xəritəsində bu il, 2020-ci ildə bu sektorda müstəqil tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması nəzərdə tutulub. Yəni, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tənzimləyici funksiyaları əlindən alınmalı və yeni yaradılacaq quruma - Milli Telekommunikasiya Şurasına verilməlidir.



Hazırda sektorda kommersiya, tənzimləmə, idarəetmə kimi səlahiyyətlər NRYTN-nin əlində cəmləşib. Ekspertlər də hesab edir ki, NRYTN öz qanuni kommersiya səlahiyyətlərindən istifadə edərək, elə özünə məxsus olan bütün tənzimləyici mexanizmləri, sektordakı bütün dövlət resurslarını yalnız dövlət provayderləri və dövlət operatorlarının üstünlük qazanmasına yönəldib.
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bir çox liberallaşma və özəlləşdirmə nəzərdə tutulurdu. Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən biri, telekommunikasiya sahəsində aparılacaq islahatlar çərçivəsində görüləcək tədbirlərin müəyyən edilməsi üçün işçi qrupun yaradılması idi. Qrup öncə, telekommunikasiya sektorunda uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübələrini öyrənəcək, onların Azərbaycanda tətbiqi imkanları və telekommunikasiyanın inkişafı ilə bağlı bütün digər aspektlər daxil olmaqla, genişəhatəli araşdırma və təhlillər aparacaqdı. Aparılmış araşdırma və təhlillərin nəticəsi olaraq, 2017-ci ildə qrup Azərbaycanda telekommunikasiya sektorunun inkişafı ilə bağlı çərçivə planını və tənzimləmə funksiyalarını müstəqil tənzimləyici qurumun həyata keçirməsi üçün müvafiq qurumun yaradılmasına dair məsələləri əhatə edən üçillik keçid planı hazırlayacaqdı. Üçillik keçid dövrü ərzində tənzimləyici qurumun vəzifə və funksiyalarını NRYTN icra edəcəkdi.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il fərmanında qeyd olunur ki, təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. Mərkəzdən verilən məlumata görə, qurum hələ ki, 2019-cu il üzrə hesabatı açıqlamağa hazırlaşır. Ən sonuncu – 2018-ci ilə aid hesabatda isə tənzimləyici qurumun yaradılması ilə bağlı hər hansı məlumat yoxdur.

Gözlənilən fayda

Yol Xəritəsində qeyd edilir ki, tənzimləmə, kommersiya və qanunvericilik funksiyalarının bir-birindən ayrılmasında əsas məqsəd telekommunikasiya sahəsində rəqabətin artırılmasından ibarətdir: “Müstəqil tənzimləyici qurumun yaradılması bu sektorda göstəriləcək xidmətlərin həcminin və bazara daxil olacaq yeni operator və provayderlər vasitəsilə iş yerlərinin sayının, habelə ÜDM-də İKT sektorunun xüsusi çəkisinin artmasına gətirib çıxaracaq. Sağlam rəqabət mühitinin daha da yaxşılaşdırılması nəticəsində telekommunikasiya özəl investorlar üçün daha cəlbedici sektora çevriləcək və özəl investisiyaların həcmi artacaq ki, bununla da dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin həcmi optimallaşacaq. Bu prioritetin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 100 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır”.

Çıxış yolu

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yaradılacaq tənzimləyici qurumda tək dövlət qurumlarının təmsilçilərini deyil, həm qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ümumilikdə, bu sahə ilə məşğul olan ekspertlərin daxil olması daha məntiqli olardı: “Çünki telekommunikasiya ilə məşğul olan qurumun dövlətin hansısa bir formada nəzarət etmək istəyi anlaşılandır. Buna təhlükəsizlik məsələsinin tərkib hissəsi kimi baxılır. Amma bu sahədə aparılan islahatlarda tək dövlətin yox, həm də cəmiyyətin maraqlarını təmsil edə biləcək və cəmiyyətin maraqlarını bu sahədə aparılacaq islahatlarda təmsilçiliyinin həyata keçirilməsi üçün müxtəlif media qurumlarının, ayrılıqda peşəkar birliklərin, QHT nümayəndələrinin olması daha doğru olardı. Bu öz növbəsində aparılacaq islahatların sürətini və effektivliyini artıracaq əsas faktora çevrilə bilər. Təəssüf ki, hələlik bu sahədə aparılmış ciddi işlərin şahidi olmamışıq”.
Ekspert hesab edir ki, NRYT tənzimləyici funksiyaları ləğv edilməldir. O, əlavə edir ki, hazırda sektorda kommersiya, tənzimləmə, idarəetmə və s. hamısı NRYT-nin əlində cəmləşib: “Belə vəziyyətdə, nazirlik səlahiyyətlərindən istifadə edərək, quruma məxsus dövlət provayderləri və dövlət operatorlarının üstünlük qazanmasına çalışır. Sektorda olan özəl şirkətlər bu durumdan əziyyət çəkirlər”.
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, telekommunikasiya sektorunda effektiv tənzimləməni həyata keçirmək məqsədilə dünyada son 20 ildə yaradılmış 190 tənzimləyici qurum fəaliyyət göstərir: “Müstəqil tənzimləyici qurumların nümunəsi kimi regon ölkələrindən Türkiyədə Rabitə və İnformasiya Texnologiyaları Qurumunu, Gürcüstanda isə Milli Kommunikasiya Komissiyasını göstərmək mümkündür”.
Ekspert əlavə edir ki, hökumət Azərbaycanda da telekommunikasiya sektoru hər hansı mərkəzi hakimiyyət orqanının nəzarəti altında olmadan müstəqil yaradılmasını hədəf götürüb: “Çünki tabeçilik olarsa, verilmiş qərarlar həmin mərkəzi icra hakimiyyəti orqanın qərarları ilə ziddiyyət təşkil etdikdə həmin qərarların ləğvi qaçılmazdır. Bundan əlavə, mərkəzi hakimiyyət orqanının tabeliyində çoxlu qurumlar var. Tənzimləyici qurum da müstəqil olmadıqda sektorda rəqabət mühitini təmin etmək üçün həmin qurumların maraqlarını uzlaşdırmadan hər hansı avtonom addımlar ata bilməyəcək”.
R. Ağayev də deyir ki, hökumət Yol Xəritəsində nəzərdə tutulsa da, tənzimləyici qurumla bağlı öhdəliyini yerinə yetirməyib: “2020-ci il sona yaxınlaşır, amma bu istiqmətdə hansısa addımların atılmasına dair ictimaiyyət üçün açıqlanan hər hansı rəsmi sənəd və ya informasiya yoxdur”.

Fizuli Dehqani



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu