Seçkidə kimin şansı daha çoxdur?-Şərh


“Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində rəqabət mühitinin olacağı indidən hiss olunur”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirir ki, bu il keçiriləcək seçkidə iştirak edəcək namizədlərin sayı çoxdur və seçkiyə gənclər də qatılıb: “Hətta, YAP namizəd siyahısında bəzi dəyişikliklər edib. Artıq hakim partiya yaşlı namizədlərin əvəzinə gənc namizədlər irəli sürüb. Müstəqil namizədlər içərisində də gənclərin olması rəqabət mühitinin yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bununla belə hakim Yeni Azərbaycan Partiyasının həm insan, həm də maliyyə resursları həddən artıq çoxdur və partiya seçkiyə bütün resurslarından istifadə edərək qatılır.

Artıq YAP-ın siyahısında olan namizədlərin çoxunun deputat seçiləcəyi bəllidir. Çünki, arxalarında böyük güc var. Ona görə də Azərbaycanda deputatlığa iddialı şəxslərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının açıqladığı namizədlərə görə strategiyalarını müəyyən edəcəklər”.

Bəzi siyasi partiya və qurumların seçkidə iştirak etməməsi məsələsinə münasibət bildirən politoloq deyib ki, hər bir partiyanın vəzifəsi seçkidə iştirak etməkdir.

“Bəzi siyasi birliklərin seçkidə iştirak etməmə qərarını başa düşə bilmirəm. Seçkidə də yox, bəs haçan fəaliyyət göstərəcəklər? Bəziləri seçkidə iştirak etməmə qərarını ona görə verdi ki, resursları yoxdur. Ancaq, seçki elə bir prosesdir ki, vətəndaşla birbaşa təmasda olmağa imkan verir. Yəni, indi müxalifət vətəndaşlarla təmasda ola bilər, mitinqlər təşkil edə bilər. Bu da siyasi fəallığı artırır. Müxalifət demir ki, ölkədə siyasi fəallıq artsın? Seçki siyasi fəallığı artırmaq üçün imkan yaradır. Əgər bunu etməyəcəklərsə, onda özlərində şikayətçi olmalıdırlar”.

Müxalifətin seçkidə şanslarını dəyərləndirən politoloq deyib ki, müxalifətin parlamentdə ciddi təmsilçiliyi inandırıcı deyil. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu