Elza Seyidcahanın ittihamlarına cavab gəldi


“Elza xanım məndən heç vaxt narazı qala bilməz. Dairədən ona heç bir təzyiq olmayıb. Başqa hansısa təzyiqlərin olması barədə məlumatlı deyiləm”.

Bu sözləri “Qafqazinfo” ya açıqlamasında 54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov müğənninin sözügedən dairə ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib. O bildirib ki, təmsil etdiyi dairədən 11 namizəd qeydə alınıb: “Ola bilər ki, Elza Seyidcahan namizədliyi qeydə alınmadığı üçün acıqlı olsun. Amma indiyə kimi ona və digərlərinə heç bir təzyiq edilməyib. Bunu Elza xanımdan da soruşa bilərsiniz. Mənim elə bir səlahiyyətim yoxdur ki, kiməsə namizədliyini geri götürməklə bağlı təzyiq edim. Başqa kimlərin təzyiq etdiyi barədə isə məlumatlı deyiləm”.

Millət vəkili, YAP-ın builki parlament seçkilərində namizədi Tahir Süleymanov da bəstəkar-müğənni Elza Seyidcahanın onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. T. Süleymanov bildirib ki, Elza Seyidcahanı heç tanımır: “ Mən onu görməmişəm. Onun barəsində nə deyə bilərəm ki? Görünür ki, Elza Seyidcahan şər-böhtan yolunu tutub. Başqa o adam barəsində mən nə deyə bilərəm, heç tanımıram belə. Biz rəqiblərimizi namizədlikləri qeydə alınandan sonra tanıyırıq. O dairədən onlarla insanlar namizədliyini verib. Onun ölkə prezidentinə müraciəti barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan namizədliyinin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeydə alınmaması üçün millət vəkili Tahir Süleymanovun ona qarşı təxribat törətdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu