Milli Məclisə seçkilər başladı


Beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərin səsverməsi başlayıb.

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verəcəklər.
Səsvermə prosesi saat 19:00-da başa çatacaq. Seçkilərdə 125 yer uğrunda 767 deputatılığa namizəd mübarizə aparacaq.
Qeydə alınanların bir hissəsi 15 siyasi partiyanın, "Azadlıq-2015" seçki blokunun və təşəbbüs qruplarının namizədləridir. Hakim Yeni Azərbaycan Partiyası 116 seçki dairəsindən namizəd irəli sürüb. Namizədlərin bir hissəsi isə öz təşəbbüsləri ilə seçkiyə qatılıblar.
Parlament seçkilərini izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında 2 619, dairə seçki komissiyalarında isə 63 mindən artıq müşahidəçi qeydə alınıb.
Səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edirlər.
Eyni zamanda, parlament seçkilərində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Yalnız Ermənistan tərəfindən işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi üzrə (120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) veb-kameralar quraşdırılmayıb.
Bundan başqa, parlament seçkilərində 4 təşkilat "exit-poll" keçirir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və "RƏY" Monitorinq Mərkəzi qeydə alınıb.
Seçkiləri 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyəcək.
Noyabrın 21-dək parlament seçkilərinin nəticələri yoxlanılacaq və yekun nəticələr elan olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu