Naxçıvan ordusunda həbslər?


Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda həbslər var.

Bu haqda “AzPolitika.info” Naxçıvandakı mənbələrə istinadən xəbər yayıb.

İddia olunur ki, bir neçə gün əvvəl Naxçıvan ordusunda bəzi yüksək rütbəli zabitlər saxlanılıb. Onlardan biri Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisi, polkovnik Elşad Rzayevdir.

İddia olunur ki, E.Rzayev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Polkovnik Rzayevin həbsinin səbəbləri ilə bağlı konkret məlumat əldə etmək mümkün olmayıb.

Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov isə təcili əmrlə vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir.

Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub.

Xatırladaq ki, bu sayt son günlər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general Kərəm Mustafayevin gah işdən çıxarıldığı, gah saxlanıldığı barədə xəbərlər yayıb.

Habelə generalın qardaşı, Naxçıvandakı hərbi hissələrdə tikinti işlərini həyata keçirən Nemət Mustafayevin saxlanıldığı haqda iddialar var.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti general Mustafayevin saxlanıldığı, yaxud işdən çıxarıldığı haqda xəbərləri təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu