Baş pediatrdan qrip xəbərdarlığı


“Azərbaycanda uşaqlar arasında kəskin respirator virus infeksiyası yayılıb. Lakin qrip və qripəbənzər xəstəliklər epidemiya xarakteri daşımır”.

Bunu virtualaz.org saytına açıqlamasında respublikanın baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.

N.Quliyevin sözlərinə görə, virusa yoluxan uşaqlar mütləq həkim nəzarətində müalicə edilməlidir: “Bu xəstəliklər hava şəraitinin dəyişməsi nəticəsində yaranır. Yəni daha çox mövsümi xarakter daşıyır. Bu virusların növü çoxdur. Məsələn, 14-15 qrip törədən virus var, bundan əlavə, qripəbənzər xəstəlik törədən minlərlə virus var. Buna görə də həkim simtomatik müalicə aparır. Yəni öskürək, qızdırma və digər əlamətlərə görə dərmanlar təyin edir”.

Baş pediatr bildirdi ki, havanın kəskin dəyişməsi orqanizmin müqavimət qabiliyyətini azaldır: “Həkim çağırmaq və ya uşağı sahə həkiminə göstərmək lazımdır. Yalnız həkimin təyinatından sonra müalicəyə başlamaq olar. Bəzən valideynlər uşaqlarını özləri müalicə edirlər. Buna görə də xəstənin vəziyyətində ağırlaşma müşahidə edilir. Ona görə də valideynlərə məsləhətimiz budur ki, həkim məsləhətindən sonra müalicəyə başlasınlar”.

Mütəxəssis uşaqları virus xəstəliklərindən qorumaq üçün orqanizmin müqavimət qabiliyyətini artıran qidalardan istifadə edilməsini tövsiyə etdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu