Bağçalarda hazırlıq qrupları ləğv olunur?


Respublikanın ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə uşaq bağçalarında məktəbəhazırlıq qruplarının ləğv edilməsi gündəmə gəlib. Hətta valideynlər gələn il məktəbyaşı olacaq uşaqlarını bağçalardan çıxardaraq məktəblərdə açılan hazırlıq qruplarına qoymağı düşünürlər. Bunu uşaq bağçalarında məktəbəhazırlıq qruplarının artıq fəaliyyət göstərməməsi ilə izah edirlər.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov AzVision.az-a bildirib ki, məktəbəqədər müəssisələrdə məktəbəhazırlıq qrupları olduğu kimi qalır və fəaliyyətlərini davam etdirəcəklər.

“Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması məktəb yaşına çatmamış uşaqların məktəb təliminə hazırlıqla əhatə olunmasının genişləndirilməsinə xidmət edir. Bu, o demək deyil ki, məktəbəqədər müəssisələrdə məktəbəhazırlıq qrupları olmayacaq. Bu, tamamilə yanlış fikirdir.

Məktəbəhazırlıq qruplarının ümumtəhsil məktəblərində təşkil olunmasının səbəbi 2020-ci ilə qədər uşaqların məktəb təlimi ilə əhatəsinin 90 faizə çatdırılmasıdır. Bu əhatə dairəsi məktəbdəhazırlıq qruplarında təşkil olunmaqla daha da genişlənəcək. Amma o demək deyil ki, uşaq bağçalarında məktəbəhazırlıq qrupları fəaliyyət göstərməyəcək”.

A.Əhmədov vurğulayıb ki, uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsinə məktəb rəhbərliyi heç bir məcburiyyət edə bilməz.

“Uşaq bağçaya gedirsə, o, bağçadan da məktəbə gedəcək. Onun məktəblərdəki hazırlıq qruplarına getməyə ehtiyacı yoxdur. Məktəblərdəki hazırlıq qrupları isə ödənişsizdir. Valideynlərdən buna görə ödənişlərin alınması yalandır. Vaxtilə pilot qaydasında bunu Bakı şəhərinin ümumtəhsil məktəblərində keçirdik. Ola bilər ki, müəyyən məktəblərdə dövlət hesabına verilən təhsildən əlavə təhsil xidmətləri göstərilərsə, orada bu məsələ meydana çıxa bilər. Yoxsa başqa şey ola bilməz. Bunu da Bakı Şəhər Təhsil İdarəsi araşdırır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu