İlham Əliyev yeni sənaye parkı yaratdı


Prezident İlham Əliyev Qaradağ Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıb ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılsın.

Sərəncamla müəyyən edilir ki, Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir.

Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli fərmanının 4-cü hissəsi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Qaradağ Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 72 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədilə sənaye parkları üçün nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərlə yanaşı, Qaradağ Sənaye Parkında digər stimullaşdırıcı tədbirlərin də tətbiqi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi Qaradağ Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görməli; Cəmiyyətə Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etməli, habelə gəmiqayırma sənayesi üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli; bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu