“Kristal Abşeron” şirkətindən şikayətlər artır: “Qobu Park-2”, Abşeron Gənclər Şəhərciyinin sakinləri ayaqda


Azərbaycanda fəaliyyət göstərən bəzi tikinti şirkətləri var ki, vətəndaşlara yaratdıqları problemlərlə daha çox gündəmdə olurlar. Belə şirkətlərdən biri “Kristal Abşeron”dur. Artıq xeyli müddətdir ki, adıçəkilən şirkətlər bağlı şikayətlərin ardı-arası kəsilmir. Şirkətin məcburi köçkünlər üçün tikdiyi “QobuPark-2” yaşayış kompleksində durum lap acınacaqlıdır.



Həmin kompleksdə məskunlaşan jurnalist Rövşən Əsədov dəfələrlə şirkət rəhbərliyinə müraciət edərək mənzillərdəki problemlərin aradan qaldırılmasını xahiş edib. Jurnalistin sözlərinə görə, hər dəfə kosmetik tədbirlərlə sakinlər yola verilir. R.Əsədovun sonuncu müraciəti həm “Kristal Abşeron”un Müşahidə Şurasının sədri Mahayət Nəbiyevə, həm də şirkətin qeyri-rəsmi sahibi kimi adı hallanan Milli Məclisin 4-cü çağırış deputatı Ağalar Vəliyevə olub. O, şirkətin inşa edərək təhvil verdiyi məcburi köçkün evlərindən birindəki eybəcərliyi ictimailəşdirib. Jurnalistin çəkib yaydığı fotodan da görünür ki, təhvil verilməzdən əvvəl şirkətin mənzillərin mətbəxində quraşdırdığı mebel əcaib formadadır. Belə ki, mebelin içində qaz sobası üçün olan yer bir tərəfdə, qaz sobasının üstündə olmalı olan aspirator isə başqa tərəfdə yerləşdirilib: “Hörmətli deputat və hörmətli sədr, söz vermişəm ki, siz o isti kürsünüzdən durub “Qobu Park”a gəlməyincə, vətəndaşların - məcburi köçkünlərin (keçmiş) problemini yerində dinləyib maraqlanmayınca sizin bu işçilərinizin ekzotik əl işlərini cəmiyyətə təqdim edəcəm ki, ev almaq istəyənlər sizin şirkətdən mənzil alanda bir neçə dəfə düşünsünlər. Bəlkə də siz yaxşısınız, ətrafınız pisdir, imkan vermirlər ki, vətəndaşlar sizə birbaşa şikayət etsinlər. Ona görə də ictimailəşdirirəm ki, bəlkə haçansa internetdə şirkətinizi araşdıranda qarşınıza çıxar...
Baxın, bu sizin prorabların, ustaların əl işidir. Qaz sobası ilə aspiratorun yerini yəqin ki, seçə bilirsiniz. İndi vətəndaş qaz sobasın çıxardıb aspiratorun altına yerləşdirsin, yoxsa aspiratoru söküb qaz sobasının üstünə?”

“Kristal Abşeron” tikinti şirkətinin başqa bir layihəsi olan Abşeron Gənclər Şəhərciyində məskunlaşan başqa bir sakinin sözlərinə görə, buranın öz “qanunları” var: “Binada ancaq bir provayderdən istifadə etmək mümkündür və kənar provayderin daxil olmasına icazə verilmir. Bundan başqa, binada mənzil alan sakinlərin mənzillərinə quraşdırılan sayğac çox baha, 700 manata başa gəlir. Bu yaşayış binalarında sakinlərə tətbiq edilən qadağalardan biri də xalçayuma ilə bağlıdır. Belə ki, sakinlər öz xalçalarını yumaq üçün hər hansı xalçayuma şirkətinə müraciət edə bilməzlər. Çünki xalçayuma ilə bağlı kənardan heç bir şirkət buraya daxil ola bilməz. Buradakı xalçayumaya isə mütləq minimum 10 kvadratmetr xalça üçün müraciət edə bilərsən”.
Digər bir problem isə yaşayış kompleksində olam qarajla bağlıdır ki, burada qarajın qiyməti aylıq 30 manatdır: “Ödəniş vaxtından bir gün yox, bircə saat belə keçdikdə bağlayırlar. Tikinti zamanı kanalizasiya sistemi yalnış quraşdırıldığı üçün davamlı olaraq mənzillərdə pis qoxu olur”.
Mövcud problemlərlə bağlı “Kristal Abşeron”un mətbuat xidmətinin rəhbəri Rəşad Qurbanov müraciət etdik. R.Qurbanov Abşeron Gənclər Şəhərciyində kanalizasiya sisteminin fəaliyyəti ilə bağlı problem olmadığını dedi: “Əgər belə bir hal olsaydı bütün binada özünün göstərərdi. Bununla bağlı cəmi bir müraciət daxil olsa da, sonunda yoxlama zamanı problemin olmadığı aydın olub”. Sayğacların qiymətinə gəldikdə isə mətbuat xidməti bildirdi ki, sayğaclar dövlət rüsumuna uyğun quraşdırılır. Qarajla bağlı şirkət nümayəndəsinin mövqeyi ondan ibarətdir ki, hər yaşayış kompleksində bu imkan yaradılmır: “Lakin bizim sakinlər üçün bu şərait yaradılıb. Qarajın ödəniş vaxtı bitdikdən bir gün sonra bağlanması isə normal haldır”.

NİGAR





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu