Azərbaycanda əlilliyi olan uşaqlarla iş çox zəifdir - MÜZAKİRƏ


Gələcəyimizi təmin edən uşaq və gənclərə qarşı xüsusi diqqətin, qayğının göstərilməsi mühüm amildir. 1998-ci ildə "Uşaq hüquqları haqqında" Qanun qəbul edilib ki, burada Azərbaycanda uşaqların yaxşı yaşaması, inkişafı, savadlı olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəliklər əksini tapıb. Bu da bir faktdır ki, əlilliyi olan uşaqların daha çox qayğıya ehtiyacı var və bu baxımdan dövlət onlara dəstəyini əsirgəməməlidir. Uşaqların sosial təminatı ilə bağlı müvafiq qurumlar öz üzərinə düşən öhdəlikləri yetirməlidirlər. Lakin son günlər əlilliyi olan uşaqlarla bağlı müəyyən problemlər müşahidə olunur.


Belə ki, əlilliyi olan uşaqların yanvar ayından etibarən əilliyi dayandırılıb, onlardan yenidən qeydiyyat tələb edilir. Artıq üç aydır ki, onlar öz qanuni müavinətlərini ala bilmir. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi nəticəsində maddi durumu onsuz da ağırlaşan ailələrdə bu kəsinti özünü xüsusilə qabarıq büruzə verir. Karantin rejimindən söz düşmüşkən, maraqlıdır ki, Azərbaycanda əlil övladı olan ailələrə heç bir kompensasiya verilmədi. Halbuki bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda əlilliyi olan uşaqlara bu cür kompensasiyalar verilib. Belə ki, Gürcüstanın 2021-ci ilə dair dövlət büdcəsindən müxtəxlif sosial təbəqələrə, o cümlədən əili uşaqlara əlavə yardım ayrılıb. Qeyd edək ki, Gürcüstanda 18 yaşına çatmamış və fiziki cəhətdən qüsurlu sayılanların ümumi sayı 43 min nəfər təşkil edir. Cari ilin yanvar ayından onların sosial təminatı üçün Gürcüstan hökuməti 100 lari və ya 51,2 manat əlavə təzminat ayırıb. Gürcüstanın Maliyyə Nazirliyindən verilən məlumata görə, bu vəsait 2021-ci il üçün nəzərdə tutulub. Yəni qısa müddət üçün deyil, 12 ay ərzində ödəniləcək. Azərbaycanda niyə belə bir addım atılmadı? Ümumiyyətlə, əlilliyi olan uşaqlarla bağlı bu durum hansı problemlər yaradıb?



Mövzu ilə bağlı AFN-ə danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirdi ki, bu, çox aktual problemdir: "ƏƏSMN əvvəlki illərdə saxta əlilliklə bağlı kifayət qədər ciddi pozuntular olduğundan bu işi tez bir zamanda görüb başa çatdıra bilməmişdi. "VTEK" deyilən, əlilliyi müəyyən edən tibbi komisyaların yenidən formalaşması baş verdi və bir çox əlilliyi olanların, hansı ki, saxta yolla almışdı, onların əksəriyyətinin əlilliyi ləğv olunub. Ancaq hər halda əlilliyi verən də dövlətdir, əlilliyi müəyyən edən də dövlətin komissisyasıdır. Burada vətəndaşları günahlandırmaq olmaz. Rüşvət verib almış olsa belə, əlillik qrupunu müəyyən edən də dövlətin komissiyaları olub. Ancaq fakt odur ki, əhalinin yüz min nəfərinə düşən əlillik sayına görə statistikada Azərbaycan ən irəli yerlərdən birindədir. Çox təəssüf ki, bu, həm də real əlillərə az vəsait verilməsini gündəmə gətirir. Hətta I, II və III qrup əlilliyə görə müavinətlər həmin şəxslərin yaşayış minimumunu təmin etmir və bunların ciddi artımına ehtiyac var. Ancaq bir çox insanlar işsizlikdən və yaxud müxtəlif səbəblərdən işsizlik müavinəti verilmədiyinə görə daha çox əyri yollarla əlillik almağa üstünlük verirlər, buna bir növ maaş kimi baxırlar. Bu, həm də mənəvi baxımdan doğru olmayan bir addımdır. Hesab edirəm ki, daha çox maarifləndirmə aparılmalııdr". Qonşu ölkələrin təcrübəsinin analiz edilməli olduğunu deyən ekspertin sözlərinə görə, həqiqətən də qruplar təyin olunarkən müxtəlif xəstəliklər üzrə təkrar tibbi komissiyalara gedilməsi doğru praktika deyil, insanların əsəbinə və narahatlığına səbəb olur: "Əlillik müəyyən olunarkən elə əlillik dərəcələri, səbəbləri var ki, ömürlük verilməlidir. Hətta belə olan halda onların müddətli verilməsi də müəyyən problemlər yaradır. İndiki şəraitdə Gürcüstanda hətta karantində uşaq bağçalarına getməyənlərin ərzaq və digər təminatları onların ünvanlarına çatdırılır. Bu, bir daha Gürcüstan hökumətinin sosial dövlət olduğunu sübut edir. Ancaq Azərbaycanda Konstitusiyada sosial dövlət anlayışı gətirilsə də, praktikada, təcrübədə bu baş vermir. Hesab edirəm ki, ciddi mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində islahatlar aparılmalıdr, buna təşəbbüslər var, ancaq kifayət qədər deyil və zamanın tələbinə cavab vermir".



Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov isə bildirdi ki, uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir: "Əgər hər hansı əlil uşağın sosial müavinəti dayandırılırsa, fikirləşmək lazımdır ki, valideyn gözünü buna dikib və bununla onun sosial vəziyyətini daha da ağırlaşdırırlar. Bu, düzgün deyil və əgər dövlət tərəfindən bu istiqamətdə bir addım atılırsa bunu analiz edib, sonra həyata keçirmək lazımdır. Bəzən müəyyən proqramları həyata keçiririk, ancaq nəzərə almırıq ki, bunun nəticəsi necə ola bilər. Mövcud vəziyyət bu sahədə də uşaq hüquqlarının müdafiə olunmamasından irəli gəlir. Onların sosial hüquqları müdafiə olunmalıdır, dövlət bu istiqamətdə bir addım atanda o addımı əvvəlcədən müəyyənləşdirib sonra atmalıdır. Hazırkı addım əlil uşaqların ziyanına gətirib çıxarıb. Hər bir dövlət əlil uşaqlar üçün şərait yaratmalıdır ki, onlar müdafiə olunsun. Eyni zamanda pandemiya dövründə uşaqların vəziyyətini elə yüksək səviyyəyə qaldırmalıdırlar ki, onlar əlilliklərini hiss etməsinlər. Bu gün əsas problem ondan ibarətdir ki, onlara tolerant yanaşmalıyıq. Əksinə, biz onlara problem yaratmamalıyıq, elə şərait yaratmalıyıq ki, onlar problemli olduqlarını, əlilliklərini hiss etməsinlər. Təəsüflər olsun ki, bu istiqamətdə çox zəif iş gedir və Azərbaycanda əlil uşaqlar təcrid olunmuş uşaqlardır".

ƏƏSMN-dən AFN-in sorğusuna cavab olaraq bildirildi ki, sağlamlıq imkanları məhdud uşaqlara ödənişlərin dayandırılması barədə qeyd edilənlər düzgün deyil: "Bu ödənişlər (aylıq müavinət olaraq 150 manat və onlara qulluq edən şəxslərə aylıq təqaüd kimi 50 manat) sağlamlıq imkanları məhdud hesab edildikləri dövrdə daimi olaraq ödənilir. Qanunvericiliyə əsasən, sağlamlıq imkanları məhdudluq 3 illik müddətə təyin edilir. Həmin dövr bitdikdə uşağın təkrar sağlamlıq imkanları məhdudluğu qiymətləndirilməlidir. Yaxud uşaq 18 yaşına çatdıqda, onun artıq əlilliyinin qiymətləndirilməsi aparılmalıdır. Təkrar sağlamlıq imkanları məhdudluğun və ya uşaq 18 yaşına çatdıqda, onun əlilliyinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən müraciət edilməlidir".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu