Müəllimlərə müddətli əlavələr ödənilə bilərmi?


Ölkədə koronavirus infeksiyası ilə bağlı mübarizə sahəsində fəaliyyət göstərən tibb işçilərinə müddətli əlavələr ödənilir. Artıq xeyli müddətdir ki, müəllimlər də ikinövbəli dərs rejimində çalışır, eyni zamanda online dərs keçirlər. Lakin onların əmək haqlarına belə əlavələr olunmayıb. Ümumiyyətlə, müəllimlərin maaşlarına müddətli əlavələrin olunması mümkündürmü?




Millət vəkili Azər Badamov AFN-ə açıqlamasında bildirdi ki, dərs prosesində iştirak etdiklərinə görə onlara əlavə ödənişlərin verilməsi nəzərdə tutulmur: “Çünki müəllimlər saat vaxtı ilə digər sahələrdəki işçilər kimi iş başındadırlar, orada onların həyati üçün əlavə təhlükə yaradacaq amil yoxdur. Əgər hər hansı bir məktəbdə yenidən korona ilə bağlı infeksiya halları müşahidə edilərsə, o məktəbin fəaliyyəti dayandırılır. Ona görə də hökumətin proqramında elə bir ödənişin edilməsini nəzərdə tutacağını düşünmürəm”.



Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, dünya təcrübəsinə görə, pandemiya dövründə müəllimlərin xüsusi risk qrupunda olmadığı məlumdur: “Azərbaycanda 2020-ci ilin mart ayından etibarən dərslər keçilmir və müəllimlər demək olar ki, şagirdlərlə ünsiyyətdə olmayıblar. Artıq bir ildən çoxdur ki, bizim 10-11-ci sinif şagirdləri məktəbə ayağını qoymayıblar. Bu o deməkdir ki, müəllimlər məktəbə getmədən əmək haqqı alıblar. Əvvəlki ilə müqayisədə daha az əziyyət çəkiblər. Onlayn qaydada dərsdir və bunun keyfiyyətini də biz bilirik. Məsafədən təhsil təşkil edildiyinə və müəllimlərin hər hansı vətəndaşla birbaşa əlaqəsi olmadığına görə belə bir məsələ yoxdur. Tibb işçiləri isə hər gün yoluxmuş şəxslərlə kontaktda olurlar, hətta onlar potensial risk qrupudur. Yaxud, heç hüquq-mühafizə orqanlarına da bu tətbiq edilmir, halbuki onlar da vətəndaşlarla birbaşa ünsiyyətdədirlər. Müəllim dərsdən çox marketdə, küçədə insanlarla ünsiyyətdə olur. Əmək fəaliyyətini yerinə yetirmək üçün müəllimlər uzunmüddətli şagirdlərlə təmasda deyillər. Məsələn, Bakı şəhərində 1500-ə yaxın şagird yoluxma riskinə görə ərizə yazıb dərslərə getmir, heç müəllim onlara onlayn dərs də keçmir. Çünki özü imtina edən şagirdlərə online dərs keçilmir. Bu o deməkdir ki, müəllimlərin yükləri aşağıdır, azalıb. Təbii ki, hər kəs yüksək səviyyədə yaşamaq istəyər, sosial təminatlarını tələb edə bilərlər, ancaq hesab edirəm ki, bu bir qədər ədalətli deyil. Həkimlər bütün günü yoluxmuş insanlarla təmasdadırlar, ancaq müəllimlər ünsiyyətdə olmadığına görə risk qrupu sayıla bilməz”.
Müəllimlərin evdə şagirdlərlə əlavə məşğul olmasına gəldikdə isə ekspertin fikrincə, bu repetitor fəaliyyətidir və özlərinin kommersiya maraqları üçün bunu edirlər: “Dövlət siyasətini həyata keçirən şəxslərin vəsaitləri birmənalı şəkildə dövlət tərəfindən ödənir və ödənilməlidir də. Ancaq biz bura müəllimləri şamil edə bilmərik. Çünki müəllimlər birmənalı şəkildə risk qrupuna daxil deyillər, bu, normaldır. Əgər məktəblərdə dərslər ənənəvi qaydada keçirilsəydi, müəllimlərimiz də risk qrupu olsaydılar təbii ki, o zaman bu mümkün olardı. Düzdür, hazırda yoluxan müəllimlər də var, bizdə olan məlumata görə, 50-dən çox müəllimdə koronavirus əlamətləri var, hətta bir il ərzində 20-dən çox müəllim bu diaqnozla vəfat edib. Ancaq onlar tədris prosesində deyil, gündəlik həyatda virusa yoluxublar. Əlbəttə, müəllimin sosial vəziyyəti yaxşı olmalıdır, yaxşı əmək haqqı almalıdır, ancaq indiki stiuasiyada bunu fürsət bilib tələb etmək ədalətli deyil”.
Mövzu ilə bağlı Təhsil Nazirliyindən də bildirdilər ki, tibb işçiləri ilə müəllimlərin iş rejimi fərqlidir: “Belə bir şey nəzərdə tutulmur. Onlar növbəli çalışırlar. Müəllimlərlə tibb işçiləri arasında fərq ondan ibarətdir ki, tibb işçiləri risk qrupuna daxildirlər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu