Sahil Babayev Prezidentin təltif etdiyi jurnalistə hörmətsizlik etdi


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən Müharibəsində iştirak edən jurnalistləri qəbul edib. 22 İyul Milli Mətbuat Günü münasibətilə keçirilən görüş media cameəsində birmənalı qarşılanmayıb.


Belə ki, AFN-in məlumatına görə, müharibə iştirakçısı olan bəzi jurnalistlərin görüşə dəvət edilməməsi narazılıq yaradıb. Cumhuriyyet.az saytının və "Yeni Cumhuriyyət" qəzetinin baş redaktoru Nəsimi Şərəfxanlının və "Bakı Xəbər" qəzetinin əməkdaşı Nahid Salayevin tədbirdə olmaması haqda sosial şəbəkələrdə məlumat verilib. Jurnalistlər N.Şərəfxanlının tədbirə çağırılmaması səbəbilə maraqlandıqda həmkarımızın cavabı belə olub: "Yəqin ki, nazirin hansısa qohumuna güllə atmışam". Onu da qeyd edək ki, N.Şərəfxanlı Prezident İlham Əliyev tərəfindən Cəbrayılın, Qubadlının azad olunması medalları ilə təltif edilib.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də S.Babayevə etirazını bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi qəzetin əməkdaşı Nahid Salayev tədbirə dəvət edilməyib: "Şəhid və qazilərin xalqımızın hər bir nəslinin boynuna misilsiz haqq qoyduqlarına heç bir vaxt şübhə olmayacaq və olmamalıdır. Şəhid jurnalistlərimiz ikiqat şəhid, qazi jurnalistlərimiz ikiqat qazidir. Vətən Müharibəsinə könüllü yollanmış jurnalistlərin isə şəhidliyi də, qaziliyi də üçqatdır. Nazir Sahil Babayevin qəbulunda olmuş qazi jurnalistlərmizin bundan da dəfələrlə üstün sayğını haqq etdiklərini danmaq olmaz. Lakin müharibəyə könüllü getdiyi üçün hətta üçqat hörmətə layiq olan qazi jurnalistlərdən kiməsə sayğısızlıq ediləndə, ya yarımçıq hörmət qoyulanda dəhşətə gəlməyə bilmirsən. Həmin sayğısızlığı, yarımçıq hörməti, təəssüf ki, Sahil Babayevin qəbul tədbirində gördük. Kimin səhvi olmasından asılı olmayaraq nazirin tədbirinə kölgə düşdü, üstəlik, bu nazirliyin getdikcə daha çox ictimai narazılıq doğurmaqda olan "islahat layihələrinə" şübhələr də böyüdü. "Bakı Xəbər"in müxbirinə saymazlıq, sayğısızlıq edildi. Sahil Babayevin tədbirinə jurnalistlərin siyahısını tutanlar yol verdikləri ayrı-seçkiliklə neçə-neçə qazinin gözündə ədalət anlayışını öldürdülər, üstəlik, üçqat qazi jurnalistin... Müxbirimiz Nahid Salayev iki uşaq atası olmasına və 36 yaşını tamam etməsinə baxmayaraq, sentyabrın 29-da Səbail rayon səfərbərlik idarəsindən könüllü olaraq təkidlə müharibıyə getdi, Şuşa ətrafına qədər gedib çıxdı, ağır sinir travması ilə Füzulidə və Bakıda hospitallarda müalicə aldı. Üçqat qazi jurnalistə qarşı Sahil Babayevin ədalətsizliyindən Səbail rayon səfərbərlik qurumlarına da pay düşür... Mətbuat Şurasının 29 -30 nəfərlik qazi jurnalistlər siyahısında yer almış Nahid Salayevin Sahil Babayev üçün qəbul siyahısı tutanların nəzərindən yayınması haqq qazandırılası bir şey deyil. Sahil Babayevin əlaqədar məmurundan "Nazirliyinizdən neçə nəfər könüllü müharibədə oldu" sualıma cavab ala bilmədim. Odur ki, bu barədə bilgisi olan dostlardan məlumat almaq istəyirəm - Sahil Babayevin nazirliyindən kiminsə müharibəyə könüllü getdiyi barədə hansı bilgiləriniz var?"
Mövzu gec saatlarda gündəmə gəldiyindən qarşı tərəfin mövqeyini almaq mümkün olmadı. Sabah ƏƏSMN-in məsələyə münasibətini almağa çalışacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu