Koronavirus vaksini ilə bağlı hamını düşündürən məqam açıqlandı


Artıq Azərbaycan da koronavirusa görə vaksinlərin vurulması üçün hazırlıqlara başlayıb. Məlumatlara görə, yanvar ayının sonlarına əhali arasında risk qruplarının COVID-19 xəstəliyinə görə vaksin olunacağı gözlənilir. İndi yaranan əsas suallardan biri koronavirusu gizli keçirən şəxslərə peyvəndin vurulub-vurulmayacağı, vaksindən əvvəl peyvənd ediləcək şəxslərin koronavirusa görə testdən keçirilməsi ilə bağlıdır.



Sputnik Azərbaycan bu mövzuda kütləvi marağı nəzərə alaraq suallara aydınlıq gətirməyə çalışıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri, professor Akif Qurbanov açıqlamasında bildirib ki, koronavirus keçirib sağalan şəxslər, yəni koronavirus testi pozitiv çıxanlar vaksin vurdurmaya bilərlər: "Əgər doğrudan da onun COVID-19 xəstəsi olduğu rəsmi təsdiqlənibsə, həmin şəxslər koronavirusa görə vaksin vurdurmaya bilərlər. Kim istəyir ki, vaksin vurdursun, bu zaman onun virusu keçirib-keçirmədiyi ilə bağlı müəyyən şübhələri varsa, bunu aradan qaldırmaq üçün qan analizi verməlidir. Bu zaman qanda anticisimlərin miqdarına baxılacaq. Qanda COVID virusu əleyhinə anticisimlərin miqdarına əsasən ona vaksinin vurulub-vurulmaması barədə qərar verilir".

Professor bildirir ki, simptomsuz xəstədə ola bilər ki, bu anticisim heç olmasın. Yaxud da olsa da çox az miqdarda olsun: "Bu zaman belə şəxslər də vaksin vurdura bilərlər. Qanda anticisimlərin miqdarı kifayət qədər olan şəxslər vaksin vurdurmaya bilər. Koronavirusu gizli keçirən şəxslər tibbdə virusu keçirməyən kimi qəbul olunur. Bunu dəqiqləşdirmək üçün anticisim testi aparılmalıdır".

O ki qaldı ümumiyyətlə vaksin vurulan zaman həmin şəxslərin hər birinin testdən keçirilib-keçirilməyəcəyinə, A.Qurbanov deyir ki, bu məsələ hələki müzakirə mərhələsindədir. Bu barədə son qərar qəbul edildikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək.

Qeyd edək ki, "Vector" adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çepurnov deyib ki, artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticisimlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar. Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: "Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək".
Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının müdiri Sergey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib: "Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur".

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ölkə parlamentinin İcmalar Palatası qarşısında çıxışı zamanı bildirib ki, əhalinin koronavirusa qarşı vaksinasiyası hər altı aydan bir yenidən tələb oluna bilər: "Düşünürəm ki, bu peyvəndlərin qoruyucu təsirinin nəçə müddətlik olduğunu bilmədiyimiz üçün insanları yenidən vaksinasiya etməli ola bilərik. İnsanları nə qədər zamandan bir vaksinasiya etməli olduğumuzu bilmirik, lakin bu, altı aydan bir və ya hər il edilə bilər".

Akif Qurbanov isə bildirir ki, koronavirusa görə vaksinlərin 6 aydan bir təkrarlanmasına ehtiyac yoxdur: "Bu mütləq deyil ki, vaksin 6 aydan bir təkrar vurulsun. Əgər vaksin vurulan şəxslərdə immunitet kifayət qədər yaranıbsa və qanda anticisimlər kifayət qədər yüksək səviyyədə qalıbsa, o şəxslərə peyvəndin 6 aydan vurulmasına heç bir ehtiyac yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu