İş yerini dəyişən müəllimlərin sayı açıqlandı


Dövlət ümumi təhsil müəssisələrində və peşə liseylərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müsabiqədə iştirak etmək üçün elektron ərizəsi təsdiq olunmuş 1308 nəfərdən 907 nəfəri birinci mərhələdə-test imtahanında iştirak edib.

Test imtahanının nəticələrinə əsasən, 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb. Müsahibənin nəticələrinə görə, Təhsil Nazirliyi tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172 nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsində çalışan müəllimlərdir.

Fənlər üzrə təsnifata görə, iş yerini dəyişənlərdən 36 nəfər tarix, 34 nəfər Azərbaycan dili və ədəbiyyat, 20 nəfər ingilis dili, 17 nəfər fizika, 15 nəfər riyaziyyat, 14 nəfər coğrafiya, 11 nəfər kimya, 7 nəfər informatika, 6 nəfər ibtidai sinif, 6 nəfər biologiya, 5 nəfər rus dili, 2 nəfər musiqi, 1 nəfər fransız dili, 1 nəfər texnologiya müəllimidir.

İş yerini dəyişmək hüququ qazanan 175 nəfər müəllimdən 50 nəfəri Bakı şəhəri, 3 nəfəri Gəncə şəhəri, 3 nəfəri Mingəçevir şəhəri, 2 nəfəri Şirvan şəhəri, 1 nəfəri Sumqayıt şəhəri, 116 nəfəri isə digər rayon və şəhərlərdəki təhsil müəssisələrini seçiblər.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşdıqdan sonra qalan vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu