Bakıda göydən daş yağır: Aqlaylı binalar ölüm saçır - FOTO


Bir neçə gün öncə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindəki yaşayış binasından düşən daş plitəsi həmin binada yaşayan 14 yaşlı Əli Şabanovu ağır yaraladı. Yeniyetmə həkimlərin səyinə rəğmən, mayın 5-də, axşam saatlarında keçindi. Hazırda Bakıda üzlük daş vurulan köhnə binaların çoxu minlərlə sakini Əlinin başına gələn bədbəxt hadisə ilə üz-üzə qoyur. Bakının küləklər şəhəri olduğunu da nəzərə alsaq, bu problemin insanlar üçün nə qədər təhlükə yaratdığı göz önündədir.



AFN xəbər verir ki, "Sputnik Azərbaycan"ın paytaxtda apardığı müşahidələr zamanı müxtəlif ərazilərdə köhnə yaşayış binalarının üzlük daşlarının qopduğu məlum olub.

Bakının Yasamal, Nəsimi, Səbail rayonu ərazilərində belə binalara rast gəlmək mümkündür. Xüsusilə binanın yuxarı hissəsinə vurulan daş plitələrin çoxunun qopduğu, digərlərinin isə hər an qoparaq yerə düşmə təhlükəsi olduğu açıq görünür. Elə paytaxt sakinləri də bu təhlükədən narahatdırlar. Bakının Səbail rayon sakini Nurlan Məmmədli deyir ki, köhnə yaşayış binalarının üzlük daşlarının istifadə müddəti bitsə də, bu daşlar nədənsə sökülmür. Sakin bunun nəinki ərazidə yaşayanlar, belə binaların yaxınlığından keçənlər üçün də təhlükə yaratdığını söyləyir.

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev də Sputnik Azərbaycan-a açıqlamasında Bakıda "xruşşovka", "fransız" layihəli və arxitektur layihəli binalarda bu təhlükənin olduğunu söyləyir. Onun sözlərinə görə, 80 və 100 il bundan öncə inşa olunan, istismar müddəti başa çatan binaların çoxu qəzalı vəziyyətdədir: "Paytaxtda köhnədən qalan binalar var ki, inşa olunduğu vaxt divarı daş plitələrlə üzlənib. Həmin üzlük daşların altındakı sementin istismar müddəti başa çatdıqda sement ovulur, daşlar qopur. Bu isə insanların həyatı üçün təhlükə yaradır".

E.Fərzəliyev deyir ki, burada çıxış yolu bina qəzalı vəziyyətdədirsə, sökülməsi, qəzalı vəziyyətdə deyilsə, üzlüyünün sökülüb boyanmasındadır. Ekspert hazırda yeni tikilən binalara üzlük daşlarının vurulması təcrübəsinin olduğunu bildirir. Onun sözlərinə görə, binaların çoxunun ağır aqlay daşlarla üzlənməsi binanı ağırlaşdırır:

"Binanı inşa edən tikinti şirkətləri hörgünü kərpiclə hörüb binanı aqlay daşla üzləyir. Aqlay daşla üzləmək binanın xərcini, oradakı mənzillərin qiymətini də bahalaşdırır. Daş üzlük üçün xərclənən vəsaitlə binanı dəfələrlə boyamaq olar. Ancaq nəzərə alınmalıdır ki, gələcəkdə bu binalar da təhlükə mənbəyinə çevriləcək".

E.Fərzəliyev hazırda üzlük daşlarının qopmasına köhnə binalarda rast gəlindiyini söyləyir. Ekspert deyir ki, bu gün banklar belə bu cür mənzillərə kredit ayırmır: "Banklardan ipoteka ilə mənzil almaq istəyən şəxslərin qarşısında şərt qoyulur ki, binanın yaşı 50-ni ötməməlidir. Banklar yaşı 70-i keçmiş binalara ipoteka krediti ayırmırlar. Ona görə də ən yaxşı variant bu cür binaların sökülməsidir".

Amma ekspert deyir ki, köhnə binaların hamısının eyni vaxtda sökülməsi mümkün deyil: "Pilot layihə çərçivəsində plana düşən köhnə binaları söküb yerində yenisini inşa etmək MTK-lara da sərf etmir. Bir beşmərtəbəli, dördbloklu binada təxminən 60 mənzil olur. Tikinti şirkəti 60 mənzilin sakinlərinə stabil olaraq hər ay iki il müddətinə kirayə haqqı verməlidir. Həmçinin MTK-lar həmin sakinlərə təmirli evlə yanaşı, 20 faizdən artıq əlavə sahə də verməlidirlər. Bu, MTK-ların xərclərini böyüdür. Üstəlik, MTK-lar söküb tikdikləri binaların mənzillərini tez bir zamanda sata bilmirlər. Bunun üçün pilot layihələrlə tikilən binalardan mənzillərə banklar pul ayırmalıdır. Həmin belə binalara ipoteka krediti ayrılarsa, satışı da sürətlənər", - deyə ekspert bildirir.

Bununla belə, E.Fərzəliyev qədimi binaların saxlanılmasının da mümkün olduğunu söyləyir: "Bu gün Avropa ölkələrində şəhərin mərkəzində qədimi binaları saxlayıblar. Binalar bərpa olunduğu üçün orada sakinlər yaşamağa davam edirlər. Bu gün Bakıda şəhərin mərkəzindəki binalara xidmət olunur. Amma binanın bərpası binanın fasadının və dam örtüyünün təmiri demək deyil. Əksər hallarda binanın yola baxan tərəfi boyansa da həyət tərəfi bərbad vəziyyətdə olur. Binalardan keçən şaxta və su xətlərinin bərpası və yenilənməsi də vacibdir. Bina təmir olunub şaxtalar yenilənmədikdə sızmalar nəticəsində bina yenidən qəzalı vəziyyətə düşə bilər. Bakıda bu gün qəzalı vəziyyətdə olan minlərlə söküləcək bina var. Onların arasında üzlük daşları sökülüb-tökülənləri də az deyil".

Ekspert deyir ki, belə binalarla bağlı ərazi Mənzil Kommunal İstismar Birlikləri tədbir görməlidir ki, qopan daş üzlüklər insanların həyatına son qoymasın.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu