Azərbaycan Dövlət İqtisad Universitetində yeni prorektor


İqtisad elmləri namizədi, dosent Şaiq Əhəd oğlu Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilati və inzibati işlər üzrə prorektoru təyin olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, Şaiq Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetinin "Jurnalistika", 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi", 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisaslarını müvəffəqiyyətlə bitirib. Ş.Əsgərov Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu uğurla yekunlaşdırıb.

Ş.Əsgərov 2007-ci ildə “Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə edib və Ali Attestasiya Komissiyasının 10 iyul 2007-ci il tarixli 24-k saylı qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 9 aprel 2013-cü il tarixli 10-k saylı qərarı əsasında isə dosent elmi adı verilib. Dissertasiya işinin mövzusu üzrə onun 16 elmi əsəri, o cümlədən 14 məqaləsi, 1 dərsliyi (1 fəsil) və 1 metodiki vəsaiti çap olunub.

Elmi tədqiqat və tədris işləri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

2006-2015-cı illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini olub. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.

Azərbaycan Dövlət İqtisad Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür.

Şaiq Əsgərov işlədiyi müddətdə iqtisadi biliklərin təbliği və bir sıra sosial-ictimai sahədə göstərdiyi xidmətlərə və şəxsi yaradıcılıq uğurlarına görə "Azərbaycan bayrağı" diplomuna, "Nurlu qələm ustası" mükafatına layiq görülüb, Təhsil Nazirliyinin və AHİK-in Fəxri fərmanlarına, "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu