ADNA-nın yeni rektorunun keçmişi haqda bəzi MƏLUMATLAR


Xəbər verildiyi kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olan köhnə ADNA-ya yeni rektor təyin edilib. AFN.az Mustafa Babanlının keçmişi ilə bağlı bəzi məlumatları təqdim edir:

Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutu) mühəndis-fizikası fakültəsinin Metallar Fizikası ixtisasına daxil olub. Mustafa Babanlı 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.

4 noyabr 2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29 dekabr 2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilib. O, mühəndis-metallurqların bakalavr buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir, mühazirələr oxuyur. O, hal-hazırda 1 texniki elmlər doktoru dissertasiyasının elmi məsləhətçisi və 4 texnika üzrə fəlsəfə doktoru dissertasiyasına isə rəhbərlik edir.

O, 27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D-02.171 Dissertasiya Şurasında texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək 23 yanvar 2009–cu ildə “Materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.

Ailəlidir, 2 qızı, 1 oğlu var. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu