Azərbaycanda qaraçılar hərbi xidmətə gedirlərmi?- Rəsmi AÇIQLAMA


Daxili İşlər Nazirliyi qaraçılara qarşı mübarizəni gücləndirdiyini açıqlasa da, bu mübarizənin real nəticəsi görünmür. Əgər nəticə olsaydı, metro stansiyalarının çıxışında, müxtəlif iri super-marketlərin qarşısında, avtomobil yollarının kənarında qaraçıların diləndiyinin şahidi olmazdıq. Bəzən polis əməkdaşlarının gözü qarşısında dilənən qaraçılara qarşı hər hansı tədbir görmədiyinin də şahidi oluruq. Bütün ölkə ərazisinə yayılan qaraçılar hərbi xidmətdən də yayınırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Qalib Rəhimov Modern.az saytına açıqlamasında bunu təsdiq edib: “Qaraçılarla bağlı bəzi məsələlər qeyri-müəyyən qalmaqdadır. Bu üzdən də qaraçılar yaşadıqları yerlərdə qeydiyyatda olsalar da, sənədlərini gizlədərək hərbi xidmətdən də yayınırlar”.

Modern.az saytının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanan sorğusuna cavab olaraq isə bildirilib ki, hərbi çağırış zamanı vətəndaşlar arasında ayrı-seçkilik qoyulmur:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri vətəndaşları hərbi xidmətə çağırdıqları zaman onlar arasında ayrı-seçkiliyə yol verilmir və bu barədə (həmçinin qaraçılar barədə) statistik hesabatlar aparılmır.

Konstitusiyanın 76-cı maddəsinin I hissəsinə uyğun olaraq vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycanın 18 yaşına çatan və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi vətəndaşı Azərbaycanın Silahlı Qüvvələrində və ya qanunvericiliyə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrdə qanunla müəyyən edilən qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 12.2-ci maddəsinə əsasən, hərbi xidmətə çağırışın müəyyən edilən tələblərinə cavab verən Azərbaycan vətəndaşları nəzərdə tutulan həqiqi hərbi xidmətlərə çağırılır və Silahlı Qüvvələrin nizamnamələrinə uyğun olaraq hərbi xidmət keçirlər”.

Xidmətdən o da bildirilib ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin (irqindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən və s. asılı olmayaraq) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata götürülməsi və həqiqi hərbi xidmətə çağırılaraq göndərilməsi nəzərdə tutulmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu