Cərimələr xeyli artdı


Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələrin məbləği artırılır.

Milli Məclisdən AzVision.az - a verilən məlumata görə, ”İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni hazırlanan qanun layihəsinə əsasən, vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmiryol qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalızasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə 1500 manat məbləğində cərimələnəcəklər. Hazırda isə bu cərimə 60 manatdan 90 manata kimidir.

Yeni layihədə kənd təsərrüfatı təyinatlı torpaqlar da bu məsələdə istisnalıq təşkil edən torpaqların siyahısına daxil edilib.

Bununla yanaşı, torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə də cərimələrin məbləğləri artırılır.

Torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300, vəzifəli şəxslər 600, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcəklər. Hazırda isə icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəsinə görə fiziki şəxslər 8 manatdan 10 manata kimi, vəzifəli şəxslər 14 manatdan 16 manata kimi, hüquqi şəxslər 32 manatdan 35 manata kimi cərimələnirlər.

Yeni layihəyə görə, müvəqqəti tutulan kənd təsərrüfatı təyinatlı torpaqların vaxtında qaytarılmamasına və ya onların müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat miqdarında cərimələnəcəklər.

Yeni dəyişikliklər torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə olunmasına görə cinayət və inzibati məsuliyyəti müəyyən edən qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu