IV çağırış Milli Məclisin sonuncu iclası keçirilir


Bu gün IV çağırış Milli Məclisin son sessiyasının axırıncı iclası keçirilir.

AFN.az xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib. İlk olaraq Milli Məclisin 2015- cil il payız sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Sipker Oqtay Əsədov bildirib ki, gündəlikdə məsələlərin çox olması deputatları qorxutmamalıdır: “Bunların çoxusu dövlətlərarası sazişlərdir. Təklif edirəm ki, cari məsələlərin müzakirəsini keçirmədən iclasa başlayaq”.

Çıxış edən deputat Musa Quliyev eşitmə qabiliyyəti zəif olan uşaqlarla bağlı ayrıca qanunun qəbul olunması ilə təklif verib: “Həmin uşaqlar üç yaşına qədər implant olmasa, onlar həm kar, həm də lal ola bilər. Səhiyyə qanunvericiliyində dəyişiklik edilməsinə Milli Məclis icazə versin, ya da ayrıca qanun qəbul olunsun. Bunun üçün 2-2,5 milyon manat pul tələb olunur. Bu da büdcə üçün böyük vəsait deyil”.

Deputat Zahid Oruc bildirib ki, cəbhə xəttində baş verən hadisələrin mediaya nəzarətsiz şəkildə buraxılması ölkənin milli maraqlarına ziyan vurur: “Təklif edirəm ki, “KİV haqqında” qanunvericiliyə dəyişiklik edilsin. Dəyişiklik edilməldiir ki, Müdafiə Nazirliyi ilə bağlı məsələlər xəbər xəttində birinci verilsin. Bu media qurumlar üçün bir vəzifə olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq”.

Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı həmkarı Musa Quliyevin eşitmə qabiliyyəti zəif olan uşaqlarla bağlı verdiyi təklifi dəstəklədiyini bildirib. O qeyd edib ki, bu barədə onlar çoxsaylı ailələr müraciət edir: “Özəl klinikalarda bu əməliyyat çox bahadır. Bildiyimizə görə, artıq dövlət xəstəxanalarında bu əməliyyatlar aparılmağa başlayır. Odur ki, yaxşı olardı ki, dövlət büdcəsindən bu məsələyə vəsait ayıraq ki, gələcəkdə daha ciddi problemlərlə rastlaşmayaq”. Q.Paşayeva eyni zamanda reproduktiv sağlamlıqla bağlı qanunun qəbulunun zəruriiliyini vurğulayıb. Millət vəkili həmçinin, “Autizm haqqında” və “İctimai yerlərdə siqaretin qadağan edilməsi haqqında” qanun layihələrinin də qəbul edilməsinin vacibliyini dilə gətirib.

Deputat Əli Məsimli öz növbəsində həmmüəllifi olduğu “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasını təklif edib. Qeyd edib ki, Azərbaycanda orta aylıq əməkhaqqı 500 manatdır: “Ödənişli təhsil haqları isə 1000 manatdan üzü yuxarıdır. Ona görə də valideynlər övladlarının təhsil haqlarının ödəməkdə çətinlik çəkirlər. Odur ki, qanun layihəsinin qəbuluna böyük ehtiyac var”.

BAXCP sədri Qüdrət Həsənquliyev IV çağırış parlamentin son iclaslarından birinin ayrıca olaraq Qarabağ probleminə həsr olunması təklifi ilə çıxış edib. O qeyd edib ki, bu müzakirələrə Müdafiə naziri və Xarici İşlər naziri, o cümlədən nüfuzlu QHT-lər də dəvət olunmalıdır: “Çünki son günlər cəbhə xəttində mütəmadi olaarq atəşkəsin pozulması halları baş verir. Bu isə Qarabağla bağlı parlamentdə xüsusi müzakirələrin açılmasını zəruri edir”.

NİCAT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu