“Hərbçilərin xidmət müddətinin artırılması real deyil”


Hərbçilərin pensiya yaşının artırılıb 25 ilə çatdırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi Zahid Oruc Modern.az-a bildirib ki, konkret olaraq parlamentdə, qanunvericilik qaydasında hərbiçilərin xidmət müddətinin 25 ilə qaldırılması ilə əlaqədar hər hansı tədbirlər həyata keçirilmir: “Etiraf etmək lazımdır ki, mediada ayrı-ayrı dövlət qurumlarında, hökumət strukturlarında guya bu yöndə iş aparıldığına dair xəbər daha da zənginləşdirilərək yayılıb. Hətta bəzi xəbərlərdə bu dəyişikliyin doğrudan da baş verəcəyi iddia edilib. Bu da hərbi strukturlarda, eləcə də digər dövlət orqanlarında böyük narahatlıqlara səbəb olub. Uzun illər hazırda qüvvədə olan qanunvericiliyin tələbləri ilə işləyən və təqaüdə çıxan insanlar aldıqları pensiyaların müvafiq 80 faizlik sistemdə hesablanması ilə həyatlarını reallaşdırırlar və qanunun müddəalarına uyğun çalışırlar. İndiki gerçəklikdə bəzi insanlar məcburən daha erkən dövrdə dövlət qulluğunda çalışmalarına son verirlər ki, ən azı yeni qanun qəbul olunmamış onlar köhnə müddəalar əsasında normal pensiyalara layiq görülə bilsinlər”.

Deputatın sözlərinə görə, hərbiçilərin pensiya yaşının artırılması yalnız hökumətin müvafiq təlimatları, hər hansı müddəaları dəyişdirməsi ilə gerçəkləşə bilməz.

Hərbçilərin kifayət qədər böyük missiyanı həyata keçirdiklərini vurğulayan Zahid Orucun fikrincə, silahlı qüvvələrdə xidmət edənlər dövlətin təhlükəsizliyinin qorunmasında xüsusı rol oynayırlar: “Onların tutaq ki, 52-53 yaşında xidmət müddətinin başa vurması ilə əlaqədar təqaüdə çıxması halı qazanılmış fəaliyyətdir. Heç kəs buna “dövlət daha çox vəsait ödəyir” şəklində yanaşmasın. Çünki onların xidmətini digərləri ilə eyniləşdirmək olmaz. Hərbçilər Azərbaycan dövlətinin quruculuğunda, qorunmasında bənzərsiz, əvəzolunmaz rol oynayıblar. Elman Mehdiyevin hərbçilərin xidmət müddətinin artırılacağı ilə bağlı açıqlama versə də, bu dəyişikliyin qəbulu real deyil. Bu cür müzakirələrin əksinə olaraq düşünürəm ki, hərbi qulluqçularımız üçün daha yeni sosial təminatlar formalaşdırmalıyıq, xüsusilə onların mənzil-məişət şəraiti daha da yaxşılaşdırılmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu