Nəqliyyatda daha bir yenilik


Bakı şəhərinin Səbail rayonu 20-ci sahə deyilən ərazisində sıxlığın aradan qaldırılması və Lökbatan dairəsi istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə Bibiheybət yolunda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən işlər aparılır.

Cəmiyyətdən AzVision.az - a verilən məlumata görə, yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə, yol iki hərəkət istiqamətli olduqdan sonra Su İdman Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunacaq.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görüləcək işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının 20-ci sahədən “Bibiheybət” məscidinə doğru olan yola daxil olması qadağan ediləcək. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla, müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağı ilə hərəkətlərinə davam edə biləcəklər.

Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması işlərinə də başlanılıb. Yaxın günlərdə yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri də aparılaraq yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu