Serj Sərkisyan: “Axı bu, Azərbaycana müharibə elan etməkdir...”


Ermənistanda yaxınlaşan konstitusiya islahatları referendumu ərəfəsində müxalifətin bu islahatlara qarşı əsas tezislərindən biri parlament üsul-idarəsinə keçiddən sonra ölkənin ali baş komandansız qalacağıdır.

Virtualaz.org saytı xəbər verir ki, Ermənistan müxalifəti islahatlara “yox” kampaniyası çərçivəsində ölkənin Azərbaycanla sərhəd bölgələrində bu tezisi xüsusi qabardır.

Prezident Serj Sərkisyan isə deyir ki, islahatlardan sonra ölkədə ali baş komandan statusunun olmaması təhlükəli deyil.

“Əlbəttə, onlar gedib sərhədyanı rayonlarda ölkənin dinc dövrdə ali baş komandansız qalacağı haqda təbliğat aparanda insanlar narahat olur. Lakin mən bütün məsuliyyətimlə deyirəm ki, parlament idarəçiliyində ali baş komandan statusunun olmaması uzunmüddətli müzakirələrin və düşünülmüş yanaşmanın nəticəsidir”- deyə Sərkisyan bildirib.

Ermənistan dövlət başçısının dediyinə görə, əgər islahatlar baş tutsa, bütün icra hakimiyyəti parlamentdə cəmləşəcək, bu halda ali baş komandanın səlahiyyətləri də baş nazirə verilməsi dinc dövrdə böyük təhdid yaradır.

“Niyə? Çünki ali baş komandan deyəndə onun tərəfindən hərbi gücdən qeyd-şərtsiz istifadə nəzərdə tutulur. Dinc dövrdə qoşunlar harada istifadə oluna bilər? Əlavə təfərrüatlara girmək istəmirəm, ancaq əlində bu qədər səlahiyyətlər cəmləşdirmək özündə böyük təhdid daşıyır” -deyə Sərkisyan bildirib.

Ermənistan prezidenti daha sonra özünün ali baş komandan kimi gündəlik işlərindən danışıb: “Məsələn, mən nə işlə məşğul oluram? Hər səhər müdafiə naziri cari vəziyyət barədə məruzə edir və təbii ki, müvafiq göstərişlər alır. Ola bilsin elə günlər olur ki, müdafiə naziri dörd dəfə məruzə edir, bu, onun səlahiyyətlərinə daxildir. Üstəlik prezident yanında Hərbi Departament fəaliyyət göstərir. Bu struktur qoşunların planlı və ya qəfil yoxlanılmasını həyata keçirir, onların döyüş hazırlığını yoxlayır. Bu struktur baş nazirə bağlı ola bilərmi? Ola bilər. Niyə də olmasın?”



Serj Sərkisyanın sözlərinə görə, Ermənistanın indiki konstitusiyası ölkənin təhlükəsizliyi üçün təhdid yaradır.

O, fikrini əsaslandırmaq üçün misal gətirib: “Gəlin fərz edək ki, 2012-ci il parlament seçkilərinin qalibi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edən, yəni Ermənistanın dövlət maraqlarına zidd mövqe tutan partiya olardı. Mən “İrs” partiyasını nəzərdə tuturam. İndiki konstitusiyaya görə, prezident parlament çoxluğunu qazanan partiyanın namizədini baş nazir təyin etməlidir. Buna məcburdur. Tutaq ki, təyin etdim. Bu partiyanın namizədi də hökuməti formalaşdırdı. Və qərar qəbul etdi ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Qərar parlamentə göndəriləcək, hakim çoxluq bu partiyada olduğuna görə əksəriyyət ona səs verəcək və imzalanmaq üçün prezidentə göndəriləcək. Mən isə prezident kimi 21 gün ərzində həmin qərarı imzalamalıyam. Ya da parlamentə geri qaytarmalıyam. Ancaq onlar çoxluqdadır, seçkiləri udublar və vetonu dəf edəcəklər, qərarı yenidən mənə göndərəcəklər. Bu dəfə mən 5 gün ərzində qərarı imzalamalıyam.

Bəs Dağlıq Qarabağın müstəqilliyini tanımaq nə deməkdir? Bu, Azərbaycana müharibə elan etmək deməkdir. Çünki sən Dağlıq Qarabağı rəsmən tanıyırsansa, daha sonra hansı danışıqlardan söhbət gedə bilər? Danışıqların alternativi isə müharibədir.

İkincisi, bu, Minsk Qrupunun həmsədrlərinə hörmətsizlikdir. Onlar 23 ildir danışıqlar aparırlar, vasitəçilik edirlər. Təbii ki, belə münasibət onlara heç də xoş olmayacaq. Belə çıxır ki, Raffi Ovanisyan,“İrs” partiyasının lideri Azərbaycana müharibə elan edəcək, təhlükəsizliyi isə prezident və ali baş komandan kimi Serj Sərkisyan təmin edəcək? Bu, məntiqlidirmi? Axı heç də məntiqli deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu