Cəmil Əliyevin oğlu rektor oldu


Əziz Cəmil oğlu Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Əldə etdiyimiz məlumata görə, Cəmil Əliyev 1975-ci il yanvarın 16-da Bakı şəhərində anadan olub. Bakıdakı 134 saylı orta məktəbi bitirib.

1992-ci ildə Nyu-York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 1999-cu ilin iyul ayından 2002-ci ilin iyul ayınadək Pittsburg Tibb Universitetində (ABŞ) rezidentura təhsili alıb.

Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.

Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib.

2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb. 2008-ci ilin martında "Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər" («Гормоны и молекулярно-биологические маркеры при раке и предопухолевых процессах слизистой оболочки полости рта») mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.

Əziz Əliyev 2011-ci ildən 2013-cü ilədək Barmherzigen Schwestern (Lints, Avstriya) klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.

2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışıb. Eyni zamanda 2013-cü ildən Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində əvəzçilik üzrə fəaliyyət göstərir.

Evlidir, iki övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu