Ağsu aşırımı buz bağladı, maşınlar yolda qaldı


Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

APA-nın xəbərinə görə, dekabrın 31-də axşam saatlarından başlayaraq bu rayonlara yağan qar hazırda davam edir.

Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı-Qəbələ, Şamaxı-Pirqulu, İsmayıllı-Lahıc yolunun bəzi yerlərində yollar qarla örtülüb, buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir. Qar İsmayıllı və Ağsunun ucqar dağ kəndlərində, eləcə də Göyçayda rabitə və elektrik xətlərinə ziyan vurub. Ona yaxın ağac üzərinə düşən qarın ağırlığına dözməyərək aşıb. Üç rayonda 30-a yaxın kəndə elektrik verilişi dayanıb və hazırda onun bərpası üçün tədbirlər görülür.

Bu rayonların aran hissəsinə 10-15 santimetr, dağlıq ərazisinə isə 20-25 santimetr hündürlüyündə qar yağıb. Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolundakı dolaylarda nəqliyyatın hərəkətinə məhdudiyyət yaranmaması üçün ağır texnikalar və yol istismar idarələrinin kollektivi əraziyə cəlb olunub. Yolun qardan təmizlənməsi üçün işlər görülür. Xüsusi təyinatlı avtomobillə gün ərzində bir neçə dəfə yola qum, duz və xırda daş səpilib. Hazırda bu yollardan çox az sayda avtomobil istifadə edir. Bu ərazi hərəkət üçün təhlükəli olduğundan sürücülər alternativ olaraq Bakı-Kürdəmir-Ağsu, Ucar-Göyçay yollarından istifadə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu