Türkan qəsəbəsində sakinlər “Azəriqaz”ın əməkdaşını döyüblər


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən Bakının Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı M.Mayılov, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərək, ağır bədən xəsarətləri alıb.

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən əməkdaşımıza ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub. Faktla bağlı Xəzər RPİ 1-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Məlumat üçün bildiririk ki, ötən il təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində respublika üzrə 7347 əhali, 160 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 1769378 AZN dəyərində dəymiş ziyan hesablanıb. SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu