30-dan çox ağac bir gecədə belə kəsildi...


Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 68 saylı ünvandakı binanın, məktəb və bağçanın, o cümlədən “777 kafe”nin ərazisindəki ağaclar kəsilərək yerində çoxmərtəbəli bina tikilir.

Bu barədə virtualaz.org saytına həmin küçənin sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bu məhəllədəki ağacları əslində ötən ilin iyunundan kəsməyə başlayıblar. İndi isə ağac kəsimi daha da sürətlənib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, ərazi mənzil istismar sahəsinə də müraciət edilib.

“777 kafe”nin sahibi Vidadi İsmayılov isə virtualaz.org saytına bildirdi ki, indiyədək dəfələrlə ərazidə tikinti aparmaq istəyiblər, lakin sakinlərin etirazı ilə bunun qarşısı alınıb: “Ərazidəki yaşıllıqlar məhv edilir. Bura uşaqların oynadığı, sakinlərin dincəldiyi yeganə yerdir. Bu günlərdə həmin ünvana ağırtonnajlı yük maşınları, qaldırıcı kranlar və ağacdoğrayan aparatlar gətirərək 30-dan cox ağacı bir gecədə kəsdilər. Ərazidə inşaat işləri aparan şəxslər tikinti şirkətinin adını da demirlər, gizlədirlər”.

Şikayətçilər bildirir ki, yeni tikili ilə köhnə binalar arasında lazımi qədər məsafə saxlanılmayıb. Nəticədə maşınların həyətə giriş-çıxışı məhdudlaşıb, maşın saxlamağa yer qalmayıb.

Sakinlər 2000-ci ildə baş verən zəlzələdən sonra binada çatların yarandığını da deyir: “Binada çatlar yaranıb, indi isə tikinti işləri başlayandan çatlar daha da dərinləşir. Baş verə biləcək qəzalar zamanı binaya giriş-çıxış mümkün olmayacaq. Binaların bloku ilə yeni inşa edilən tikilinin arasında cəmi 6 metr məsafə var”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə virtualaz.org saytına bildirdilər ki, həmin ərazidə ağacların kəsilməsi ilə bağlı nazirliyə şikayət daxil olub. Hazırda araşdırma aparılır. Nəticələr bəlli olandan sonra məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu