Bu il "AİTF" turizm sərgisi 15 illik yubileyini qeyd edəcək


Bu il beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans olmaqla, ümumilikdə 17 tədbir keçirməyi planlaşdırır. Şikətdən AFN.az-a daxil olan məlumata görə, sərgilər müvafiq dövlət strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.

2016-cı ilin sərgi mövsümü 15-ci yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi "AİTF 2016" və 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi "Horex Caucasus 2016" ilə açılacaq. Hər iki sərgi 7-9 aprel tarixlərində baş tutacaq.
Bu il “AİTF” sərgisində dünyanın 40 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan,
Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya) və Çexiya milli pavilyonlarının
sərgidə iştirakı artıq təsdiqlənib. Həmçinin sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaq.
Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının stendində Azərbaycanın turizm şirkətlərinin, hotel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq. Həmişə olduğu kimi, sərgi ənənəvi sektorlarla yanaşı, “Tibbi və sağlamlıq turizmi” sektorunu da inkişaf etdirir.
Qeyd edək ki, 15 il ərzində bütün Xəzəryanı regionda mühüm görüşlərin keçirildiyi, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi “AİTF” və “HOREX” sərgiləri qonaqpərvərlik və turizm sənayesinin əsas tədbiri statusunu qazanmağa müvəffəq olub. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AİTF” sərgisini ziyarət edərək ekspozisiyalara baş çəkir və sərgi iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən həm turizm sahəsinə, həm də sərgiyə göstərilən diqqət turizm sahəsində işgüzar münasibətlərin inkişafını daha da stimullaşdırır. Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AİTF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm
Assosiasiyası (PATA) “AİITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alır.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu