Türkiyədə Qarabağ konfransı- Qənirə Paşayeva dünyaya çağırış etdi


Millət vəkili Qənirə Paşayeva ön cəbhədə baş verənlərlə bağlı Türkiyədə konfrans keçirərərək Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb.

Dənizlidə Türk Ocaqlarının təşkil etdiyi konfransda və çoxlu sayda QHT, KİV rəhbərləri, aydınlar, gənclər iştirak edib.
Konfransda çıxış edən millət vəkili Q.Paşayeva baş verən hadisələrin erməni təxribatı olduğunu, düşmənin layiqli cavab aldığını söyləyib: “Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq, ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır”.

Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralanan mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları ittiham edib.

Q.Paşayeva bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırıb: “Azərbaycanın ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar, ordumuz tərəfindən daha ağır cavab alacaqlar”.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.

Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin, onların KİV-lərinin, erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb. Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili “indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik” - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu