Gəncədə İmamzadəyə gedən yol yenidən qurulur


Gəncə şəhərinin Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolu yenidən qurulur.

AFN.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, 19,4 km olan Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq 5-10 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilir.

Layihəyə uyğun olaraq, yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə 2 metrenində piyada səkilərinin tikintisi işləri aparılır. Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min p/m səki daşının düzülməsi nəzərdə tutulub.

Bundan başqa, tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulacaq, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton küvetlər tikiləcək.

Hazırda sözügedən yolda torpaq işləri görülür, mövcud yol 1 metrə qədər qazılaraq yeni yol yatağı və yol əsası tikilir, mövcud dəmir yolu üzərində yerləşən avtomobil körpüsü təmir olunur. Sözügedən körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Körpüdə hər bir istiqamət üzrə 1 metr enində piyada səkiləri də tikilib.

Yenidənqurma işləri çərçivəsində yolun 8-ci kilometrliyində yerləşən Gəncə çayı üzərindəki körpünün isə təmiri yekunlaşıb. 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpüdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkisi də tikilib.

Tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu