Fitosanitar Xidmətdən gilas açıqlaması: "Qanunsuz keçiriblər"


Ötən gün Azərbaycandan Rusiyaya keçirilən 45 kiloqram gilas "Yaraq-Kazmalar" buraxılış məntəqəsində saxlanılıb. Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstan Respublikası İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) mətbuat katibliyinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı quruma müraciət etməyib və 45 kiloqramlıq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib.

“Rosselxoznadzor” saxlanılan şəxsin kimliyi və məhsulun saxlanılması ilə bağlı DFNX-yə heç bir məlumat verməyib.

Qeyd edək ki, Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin məntəqələrinə müraciət etməlidirlər. Yük müvafiq prosedurlardan keçdikdən sonra, imtina üçün əsas olmadıqda, yükə fitosanitar sertifikat verilir.

Onu da qeyd edək ki, cari ilin əvvəlində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu