Lavrovun İrəvandan Bakıya gəlməməsinin səbəbi


Rusiya xarici işlər naziri Sergey Lavrov gözlənildiyi kimi İrəvandan Bakıya gəlmədi.

Lavrovun Bakı səfəri barədə ilk açıqlamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vermişdi. O, Dağlıq Qarabağ Rusiya rəsmisinin birinci İrəvana, daha sonra Bakıya gələcəyini demişdi.

Düzdür, Lavrov İrəvana gəldi, Dağlıq Qarabağla bağlı ənənəvi bəyanatlarını verib geri döndü.

Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini yenə də təsdiqləyib. Bəs niyə Sergey Lavrov elan edildiyi kimi İrəvandan Bakıya deyil, Moskvaya uçdu?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyir ki, Sergey Lavrovun Bakıya gəlməməsinin səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistan rəhbərliyi ilə razılığa gələ bilməməsidir.

"Ermənistan rəhbərliyi özlərinin istədiyi müddəaları qəbul etdirməyə çalışırlar. Əvvəl Dağlıq Qarabağı Ermənistana bağlayan Laçın dəhlizi var idi. Amma hazırda Ermənistandan Ağdərə rayonuna yeni bir yol çəkiblər. Həmin yolların ətrafında isə 15 km-lik bufer xəttinin yaradılmasını istəyirlər. Azərbaycan tərəfi isə daha az məsafənin veriləcəyini deyir. Burada isə mübahisəli məqamlar yaranır. Birmənalı olaraq İrəvan Laçın və Kəlbəcərin geri qaytarılmasında maraqlı deyil", - deyə politoloq vurğulayıb.

Qabil Hüseynli Azərbaycan tərəfinin bu rayonları güzəşdə getmək istəmədiyini deyib. "Rəsmi İrəvan Dağlıq Qarabağın keçici statusu ilə bağlı da reallaşmayacaq fikirlər səsləndirir. Çox ehtimal ki, Lavrov Ermənistan rəhbərliyi ilə bu məsələlərdə razılığa gələ bilmədiyi üçün Bakı səfərini reallaşdırmadı”, - deyə politoloq bildirib.

Qabil Hüseynli deyib ki, Lavrov Moskva Vladimir Putinlə məsləhətləşmələr apardıqdan sonra da Bakıya gələ bilər.

Ümumilikdə, Rusiyanın xüsusilə Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür. Bu səbəbdən Lavrovun regiona heç bir səfəri qalmaqalsız ötüşmür.
Rusiya rəsmisinin bu İrəvan səfəri hazırda Azərbaycan cəmiyyətində, ötən səfəri isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmamışdı. Çünki ötən səfər zamanı Ermənistan mətbuatı Lavovun İrəvana Qarabağ planı ilə gəldiyini yazırdı.

Sergey Lavrov səfəri Ermənistan cəmiyyətində Dağlıq Qarabağın Azərbaycana qaytarılacağı ilə bağlı suallar yaratmışdı. Bu dəfə ki, səfərdə isə Lavrov müəmmalı olaraq İrəvandan Bakıya deyil, Moskvaya uçmaqla Azərbaycan cəmiyyətində də müxtəlif suallar yaratdı. (Ans)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu