Avtomobillərin gömrükdən keçirilmə qaydaları dəyişdi


Bir ay ərzində yalnız bir dəfə 30 kiloqrama qədər ərzaq məhsulları gömrük ödənişləri ödənilmədən gömrük sərhədindən keçirilə bilər.

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar verib.

Bu qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

İndiyə qədər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib.

Dəyişikliyə əsasən bu sahədə məhdudiyyət müəyyənləşdirilib. Artıq hər təqvim ayı ərzində bir dəfə Azərbaycanın gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə biləcək.

Səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalara bu məhdudiyyət tətbiq olunmur.

Əgər indiyə qədər gömrük ərazisindən aparılan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilibsə, dəyişikliyə əsasən artıq bu halda hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü ilə bağlı məhdudiyyəti nəzərə alınmalıdır. Yəni hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsündən çox bu məhsullar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməyəcək.

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar zamanı da yalnız hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

İndiyə qədər 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib.

Dəyişikliyə əsasən, bu sahədə də hər təqvim ayı ərzində bir dəfə məhdudiyyəti tətbiq olunacaq. Başqa sözlə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Əgər indiyə qədər 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) və 125 qrama qədər nərə cinsli balıq kürüsü gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilibsə, dəyişikliyə əsasən artıq hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları və 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

Bu hallarda nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.

Həmçinin fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları dəyişilib.

Yeni qaydaya əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.

İndiyə qədər müvəqqəti qeydiyyat vaxtı bitdikdə, avtonəqliyyat vasitələri gömrük ərazisindən geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməli idi.

Dəyişikliyə əsasən, bu sahədə şərtlərin əhatə dairəsi genişləndirilib. Başqa sözlə, avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir:

- avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır;

- Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur;

- avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır;

- avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir;

- xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır.

Avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident də ölkə ərazisini tərk etdikdə bu şərtlərdən birinə əməl etməlidir.

Eyni zamanda bu hallarda avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanıldıqda avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.

Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara aparılmamasına görə qeyri-rezidentlər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Yeni qaydalar 30 gün sonra qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu