Bu il 44 mindən çox abituriyent imtahandan kəsilib


Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, bu il II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" ixtisasları və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Məlumatda qeyd edilib ki, bu il II ixtisas qrupunda 22135 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən 10621 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfəri 690-700 bal toplayıb. II ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 1930 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı isə 656 nəfər olub.

İmtahan nəticələrinə əsasən, II ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 11514 nəfər isə 0-200 bal toplayıb.

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

III ixtsas qrupunda 19673 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən 9535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. III ixtisas qrupu üzrə 690-700 arası yüksək nəticə göstərən 18 abituriyent olub. 600-dən yuxarı bal toplayan abituriyentlərins ayı 607 nəfər, 500-dən yuxarı balı toplayan abituriyentlərin sayı 1965 nəfərdir.

İmtahan nəticələrinə əsasən, III ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 10138 nəfər isə 0-200 bal toplayıb.

Ümumilikdə, bu il ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Onlardan 34385-i 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib. Hər dörd qrup üzrə 44160 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib.

Bu da imtahanda iştirak edən abituriyentlərin 56,22 %-dən çoxunu təşkil edir.

Xatırladaq ki, I, II, III və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 10 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayıb. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu