“Nikoilbank”da “şapka” qalmaqalı- prokurorluq araşdırma aparır


"Nikoilbank”da baş verən "şapka” qalmaqalını Bakı şəhər prokurorluğunda araşdırırlar.

Vətəndaş Natiqə xanım açıqlamasında göstərir ki, o, təxminən iki il bundan əvvəl "Nikoilbank”ın 12 saylı filialına müraciət edərək, yaşadığı mənzili girov qoymaqla, bankdan 70 min ABŞ dolları məbləğində kredit götürüb. Bu kreditin müqabilində isə, Elnur Ağayev müştəridən məbləğin 15%-i həcmində, yəni 10 min 500 ABŞ dolları rüşvət (şapka) alıb.

Son vaxtlar ölkə mətbuatının səhifələrində Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya bankları ilə, bu müəssisələrin müştəriləri arasında yaranan problemlərdən bəhs edən yazılara tez-tez rast gəlinir. Artıq bu kimi hallar insanlarda nə təəccüb, nə də əslində heç böyük maraq da yaratmır. Səbəb də belə problemlərlə rastlaşan vətəndaşların sayının həddindən artıq çox olmasıdır. Lakin, bəzən bank-müştəri "qarşıdurması” elə bir forma alır ki, artıq hətta məsələnin mahiyyətini belə bir kənara qoyub, insanların əl atdıqları "mübarizə üsulları” barədə düşünürsən.

Bu yaxınlarda redaksiyamıza şikayət ərizəsilə müraciət etmiş Bakı şəhər sakini Yaqubova Natiqə Rəcəb qızının başına gələnlər də bu qəbildən olan müstəsna hal kimi qiymətləndirilə bilər. Həm də bu müstəsnalığı biz Natiqə xanımın bir müddət əvvəl müştərisi olduğu "Nikoilbank” tərəfindən vətəndaşa qarşı yol verilmiş ciddi qanun pozuntuları ilə bağlamırıq. Bu, məsələnin prokurorluq orqanları tərəfindən araşdırılması gərəkən tərəfidir. Yeri gəlmişkən, belə bir araşdırma hazırda Bakı şəhər prokurorluğu tərəfindən aparılır da. Bizim toxunmaq istədiyimiz məqam isə, "Nikoilbank”ın 12 saylı filialının müdir müavini Elnur Ağayevin bankın müştərisinə, həm də bir müddət əvvəl ailə başçısını itirmiş, bir qız övladı ilə həyatını təkbaşına davam etdirmək məcburiyyətində qalmış bir xanıma qarşı yol verdiyi hərəkətlərlə bağlıdır. Və bizi düşündürən əsas sual da budur ki, görəsən bu gün cəmiyyətimizdə çoxmu kişi özünə belə davranışı rəva görə bilər?

Amma gəlin əvvəlcə baş verənlər barədə Natiqə Yaqubovanın dedikləri ilə tanış olaq. Beləliklə, Natiqə xanım bizə verdiyi açıqlamasında göstərir ki, o, təxminən iki il bundan əvvəl "Nikoilbank”ın 12 saylı filialına müraciət edərək, yaşadığı mənzili girov qoymaqla, bankdan 70 min ABŞ dolları məbləğində kredit götürüb. Bu kreditin müqabilində isə, Elnur Ağayev müştəridən məbləğin 15%-i həcmində, yəni 10 min 500 ABŞ dolları rüşvət (şapka) alıb. Bundan heç bir il keçməmiş Natiqə Yaqubova banka gələrək krediti tam bağlamaq və evi girovdan çıxarmaq istədiyini bildirib. Diqqət edin, Elnur Ağayev kreditin tez bağlanmasını səbəbmi, bəhanəmi gətirərək, müştəridən daha 1000-1500 ABŞ dolları məbləğində "şirinlik” tələb edib. Bundan hiddətlənən Natiqə xanım artıq bu dəfə pulu verməkdən imtina edib. Bundan sonra isə, Natiqə Yaqubovanın verdiyi etibarnamə əsasında hərəkət edən hüquqşünas (təmsilçi), Elnur Ağayevdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edir. Məsələnin artıq ciddiləşdiyini görən Elnur Ağayev artıq özü Natiqə Yaqubova ilə görüşərək, ona yalvar-yaxar etməyə başlayır. Hətta filial müdirinin müavini keçmiş müştərisinə ondan aldığı 10500 dalları da təxminən bir il, il yarım ərzində qaytaracağına söz verir. Natiqə xanım deyir ki, Elnur Ağayev "balalarıma yazığınız gəlsin” ifadəsini işlədəndə artıq inad edə bilmədim. Bundan sonra, şikayətçi öz ərizəsini geri götürməsə də, hər halda müvəqqəti barışığa gələrək, qarşı tərəfin verdiyi müddətin dolmasını gözləməyə başlayır.

İndi görün, Elnur Ağayev nə edir. Bu ilin əvvəllərində bu kişi Yasamal Rayon Polis İdarəsinə gələrək, bir müddət əvvəl bağışlanması üçün yalvardığı qadına qarşı böhtan və iftira xarakterli ittiham irəli sürdüyü ərizə təqdim edir. Digər yalan iddialarla yanaşı, Elnur Ağayev həmin ərizədə göstərir ki, guya o, bir müddət əvvəl rüşvət kimi aldığı puldan Natiqə Yaqubovaya 4000 (dörd min) manat qaytarıb. Əlbəttə, məsələnin prokurorluğun nəzarətində olduğunu nəzərə alsaq, bir bank işçisinin verdiyi pulun müqabilində imzalanmış qəbz almayacağını ehtimal etmək belə, inandırıcı deyil. Belə bir qəbzi isə Elnur Ağayev təbii ki, təqdim edə bilmir.

Bundan sonra, 2016-cı ilin aprel ayında Natiqə Yaqubovanın təmsilçisi yenidən Baş Prokurorluğa müraciət edib. Avust ayının 2-də isə, artıq Bakı şəhər prokurorluğunda cinayət işinə başlanılıb. Hal-hazırda da iş üzrə istintaq aparılır. Yəqin ki, bu hal Yasamal Rayon Polis İdarəsində də diqqətə alınacaq./gundeminfo.az/

Mövzuya qayıdacağıq.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu