2 və 3 ulduzlu otellərin tikintisinə başlanılacaq


Yaxın illərdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətlərinin iştirakı ilə tədbir keçirilib. Nazir Əbülfəs Qarayev bildirib ki, 2 və 3 ulduzlu otellərin tikilməsi müxtəlif təbəqələrdən olan xarici turistlərin axınına səbəb olacaq.

“Prezidentin turizm inkişafı ilə bağlı son sərəncamında Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının (“shopping festival”) keçirilməsi, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb. Artıq müvafiq tapşırıqlar verilib. Bu sərəncam Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur. İndi ölkəmizdə mövcud olan bütün turizm sənayesi işçiləri xidmət səviyyəsinin daha da yüksəldilməsi işinə öz töhfəsini verməlidir. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tuturuq”, - deyə nazir əlavə edib.

Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu