İranın yeni səfiri Bakıya gəlib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadəni qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfir Cavad Cahangirzadə etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

E. Məmmədyarov Cavad Cahangirzadəni ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər ərzində Azərbaycan və İran dövlət başçılarının çoxsaylı görüşlərinin və şəxsi dostluq münasibətlərinin ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub, Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etməsindən məmnunluq ifadə edilib.

Azərbaycan, İran və Rusiya dövlət başçılarının bu ilin avqustunda Bakıda keçirilmiş üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji xarakter daşıdığı qeyd olunaraq, regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu