Kamal Abdulla-Nurlana Əliyeva savaşında növbəti raund: dövlət müşaviri rektora qəzəbləndi


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri Kamal Abdulla ilə xələfi, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva arasında "soyuq müharibə” pik həddə çatıb.

Bu posta təyinat aldıqdan sonra N.Əliyevanın BSU-nun keçmiş rəhbərliyi haqqında sərt ittihamlar səsləndirməsi, universitetdə əvvəllər hər cür özbaşınalıqlar olduğunu deməsi, hətta əsas korpusun qədimi mozaikalarını böyük qalmaqalla sökdürməsi tərəflər arasındakı münasibətləri tamamilə gərginləşdirib.

Bu qarşıdurma Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirində özünün zirvəsinə çatıb. Məlumata görə, xanım rektor tədbirə gəlsə də, 5 dəqiqə sonra zalı tərk edib. O, tədbiri tərk etməsini özünə edilən sayqısızlıqla əlaqələndirib.

Xanım rektor onun üçün ayrılmış yerdən narazılıq edib və bunun tədbirin təşkilatçıları - K.Abdullayevin ətrafı tərəfindən qəsdən edildiyinə eyham vurub. Amma sonradan bəlli olub ki, həmin masa həqiqətən rektorlar üçün ayrılıbmış və az sonra İqtisad Universitetinin rektoru Ədalət Muradov, Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Qafqaz Universitetinin rektoru Havar Məmmədov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmin masada əyləşiblər.

Bu hadisə isə Kamal Abdullaya yaxın olan mətbuat orqanlarda rektor N.Əliyevanın hədəfə çıxmasına səbəb olub.

Tədbirin təşkilatçılarına yaxın qaynaqlardan əldə etdiyimiz məlumata görə isə artıq K.Abdulla xanım rektorun bu hərəkətindən bərk qəzəblənib. Güman edilir ki, Slavyan Universitetinin sabiq rektoru və hazırkı dövlət müşaviri hakimiyyət dairələrindəki yüksək nüfuzuna istinad edərək dövlət üçün də xüsusi əhəmiyyətli olan multikulturalizm məsələsi ilə bağlı tədbirdə belə qalmaqal yaradan "ərköyün xələfi” barədə ölçü götürülməsini istəyəcək.(BakiPost.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu