Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə!


Sürücülük imtahanı verilərkən "B" kateqoriyası üzrə avtomatik ötürmələr qutusu olan avtomobillə təcrübi imtahan verməyə icazə verən dəyişiklik bu gün qüvvəyə mindi.

Bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məlumat verib.

Ekspert bildirib ki, bunu dərhal tətbiq etmək mümkün olmayacaq, çünki sürücülük imtahanı ilə bağlı Nazirlər Kabinetinin qərarı və DİN-in təlimatı dəyişdirilməlidir.

O, qeyd edib ki, bu gün həm də xaricdə alınan sürücülük vəsiqələrinin dəyişdirilməsinin konkret müddətlə məhdudlaşması barədə dəyişiklik qüvvəyə minib. Xarici sürücülük vəsiqəsi olanlar onu 1 aydan gec olmayaraq bizim milli vəsiqəyə dəyişməlidirlər.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna 35-1 (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) maddəsi əlavə edilib.

Yeni maddənin I hissəsinə əsasən Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərazində idarə etmək hüququna malikdir.

Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Maddənin II hissəsinə əsasən Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu qanunun 35-ci maddəsinin VI–VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Maddənin III hissəsinə əsasən isə yuxarıdakı hissələrdə (I-II) nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.

Digər əlavəyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Həmçinin, təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu