Azərbaycan ordusu “Barak-8”-lərin döyüş atışını həyata keçirdi VİDEO+FOTOLAR


Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ali baş komandan İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.

Məlumata görə döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb. Qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib.

Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.

Müdafiə Nazirliyinin saytı “İldırım” zenit-raket kompleksindən döyüş atışlarını nümayiş etdirən foto və videokadrları da yayıb. Bu, İsrail istehsalı olan “Barak-8” zenit-raket kompleksləridir və Azərbaycanın İsraildən həmin kompleksləri aldığı haqda internet mənbələrində hələ iki il əvvəldən məlumatlar yayılmışdı. “Barak” sözünün ivrit dilindən tərcüməsi “İldırım” deməkdir və elə beynəlxalq mənbələrdə həmin komplekslərin identifikasiyası zamanı “Barak-8 İldırım” adından istifadə olunur.

Bir batareya “Barak-8” kompleksinin qiyməti 24 milyon dollardır, hər “Barak-8” raketi 1.6 milyon dollar dəyərindədir. Bu kompleksləri İsrailin “Rafael” və İAİ hərbi-sənaye şirkətləri birgə istehsal edir. “Barak-8”in iki versiyası-dəniz və quru versiyası mövcuddur. Buraxılış qurğusu 8 raketlə və nəqliyyat-buraxılış konteyneri, habelə radiolokasiya stansiyaları ilə təchiz olunub. Bu, dünyada ən mükəmməl hava və raket hücumundan müdafiə kompleksi hesab olunur. “Barak-8”-in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər.

Raket buraxılandan sonra inersiyal naviqasiya sistemindən istifadə edir, hədəfə yaxınlaşanda isə raketi hədəfə yönləndirən aktiv radilokasiya sistemi işə düşür. Döyüş başlığının ağırlığı 25 kiloqramdır. Raketi havada başqa hədəfə yönləndirmək və trayektoriyasını dəyişmək də mümkündür. İnternet mənbələrində göstərilir ki, “Barak-8” İsraildən başqa dünyanın cəmi 3-4 ölkəsinin silahlanmasında mövcuddur və belə ölkələrdən biri Azərbaycandır. Azərbaycandan başqa Vyetnam, Hindistan və Tayvanın öz hərbi gəmilərini qorumaq üçün “Barak-8” komplekslərinin dəniz versiyasını aldıı məlumdur.

Azərbaycanın bu raket komplekslərinin döyüş atışlarını məhz indi nümayiş etdirməsi heç şübhəsiz ki, Ermənistanın Rusiyadan aldığı “İsgəndər” operativ-taktiki raketləri ilə lovğalanmasına cavabdır. Doğrudur, döyüş şəraitində sınaqdan keçirilməyib, ancaq “Barak-8” komplekslərinin “İsgəndər” raketlərini neytrallaşdırmaq imkanında olduğunu həmin komplekslərin göstəricilərini nəzərə alan hərbi analitiklər əminliklə qeyd edir. Digər tərəfdən, artıq təsdiq olunduğu kimi Azərbaycan İsraildən bir neçə batareya “Dəmir Günbəz” (ivrit dilində “İron Dome”) raketdən müdafiə kompleksi almaq üzrədir. Habelə Azərbaycanın S-300 PMU “Favorit” zenit-raket komplekslərinə malik olmasını nəzərə alanda Ermənistanın “İsgəndər”lərinə qarşı çoxpilləli müdafiə sisteminin qurulduğunu demək olar. İndi qalır Azərbaycan ordusunun arsenalını 500 km mənzilli ballistik və operativ-taktiki raketlərlə genişləndirmək...



Azərbaycan ordusu “Barak-8”-lərin döyüş atışını həyata keçirdi










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu