Azərbaycanda qanunsuz ov edən 16 əcnəbi saxlanılıb




Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 əcnəbi vətəndaş saxlanılıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, saxlanılanların hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib: “Bununla yanaşı, həmin şəxslərin ölkədən deportasiya edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunub”.

H.Əlizadə qeyd edib ki, xarici vətəndaşlarla yanaşı, ölkə vətəndaşları da qanunsuz ovla məşğul olurlar: "Keçirilən reydlər nəticəsində saxlanılan şəxslərin ova gəlməsi sübut olunarsa, onlar 1000 manatdan 2000 manata qədər cərimələnir, əgər həmin şəxs ovla yaxalanıbsa, vurduğu heyvana görə əlavə cərimə ödəyir. 2016-cı ildə ölkədə 213 yerli vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlardan ümumilikdə 193 ov tüfəngi, 632 patron aşkar edilərək götürülüb. Həmin şəxslər ümumilikdə 193 min 317 manat cərimə edilib".

Nazirlik rəsmisi deyib, Azərbaycana xarici ölkələrdən, xüsusən də ərəb ölkələrindən ova gələnlər var: "Həmin şəxslər Azərbaycanda ov sahəsində fəaliyyət göstərən şirkətlərin vasitəsilə gəlir. Bu şəxslərin ov qaydalarına riayət etməsi barədə nazirliyə müraciət edən şirkətlər öhdəlik götürür və onları qaydalarla təlimatlandırır. Ötən il 200 nəfər xarici vətəndaş Azərbaycanda ov etmək üçün icazə alıb”.

H.Əlizadə ov mövsümü üçün tətbiq edilən limiti də açıqlayıb: "Ötən il yerli vətəndaşlar üçün quş ovuna 700, dovşan ovuna 580, çöl donuzu ovuna 16, Dağıstan turunun ovuna isə 10 icazə verilib. Ötən il quş, dovşan və digər heyvanların ovlanması üçün xarici vətəndaşlara verilən icazələrin sayı isə 200 olub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu