ATU-da ürək qüsurlu uşaqlar üçün “Özəl yaz kampaniyası” keçirilir




Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uşaqlar üçün “Özəl yaz kampaniyası” keçirilir. Martın 1-dən başlayan aksiya çərçivəsində 18 yaşadək olan uşaqlarda ürəkdə olan problemləri aradan qaldırmaq üçün kardioloji check-up (EXO, EKG və müayinə) müayinəsi aparılır.



Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayevin sözlərinə görə, müayinə zamanı uşaqlarda gizli ürək xəstəlikləri də tapılıb, üzə çıxarılacaq: “Aksiya bayram günlərində də davam edəcək. Həddindən artıq axın var aksiyaya. Bizim əsas məqsədimiz valideynlər arasında maarifləndirmə aparmaqdır, uşağın ürəyinin müayinə olunmasının vacibliyini onlara çatdırmaqdır. Bu məsələ həqiqətən də ciddi şəkildə yayılmalıdır”.

Kardioloq Elşən Rzayev uşaqlarda rast gəlinən kardioloji problemlərdən söz açaraq, valideynləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə, pediatrik kardiologiya yeni yaranmağa başlayıb: “Bir çox valideynlər uşağın ürəyində problem ola biləcəyini ehtimal etmirlər. Yəni əhalimizdə “ürək xəstəliyi yaşlı adamda olar” tipli bir düşüncə var. Amma uşaqlarda anadangəlmə ürək qüsuru hallarına çox rast gəlinir. Bizim işimiz anadangəlmə qüsurları erkən yaşlarda aşkarlamaqdır”.

Kardioloqun sözlərinə görə, anadangəlmə ürək xəstəliklərini hətta ana bətnində də müalicə etmək mümkündür: “Hamiləliyin 12-ci həftəsindən başlayaraq, fetal exokardioqrafiya vasitəsilə dölün ürəyində dəyişiklik olub-olmadığını təyin edə bilirik. Bu tam 100 faizlik diaqnostik üsul olmasa da, kobud qüsurların hamısını aşkar edib, müvafiq tədbirlər görmək olur. Fetal dövrdən başlasaq və hər hansı qüsur aşkar etsək, artıq bu doğuşun harada və nə zaman olacağına qərar verə bilirik”.

Həkim bildirir ki, ana bətnində olan körpələrdə müxtəlif növ defektlərə rast gəlinir: “Doğulmamış uşaqlardan həm çox sadə, həm də çətin defektlər olur. Bu pediatrik kardioloji yardımda əsas faktorlardan biri zamandır. Bəzən elə xəstələr olur ki, aylar belə böyük rol oynayır. Məsələn, həmin xəstəliyi uşağın 3 aylığında rahatlıqla müalicə edə bilərdik, amma ana bizə artıq uşağın 7 aylığında müraciət edir. Bu artıq gecikmiş patologiya hesab edilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu