Baş Prokurorluq 5 qadının ölümü haqda məlumat yaydı




Martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölmüşlər.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu