Zərqava məktəbinin iş icraçısından kobud cavab: "Yaxşı eləyirəm"




Neçə müddətdir məktəbin bərpası yarımçıq qalıb

Qubanın rayon mərkəzindən 42 km aralıda yerləşən Zərqava məktəbinin işi Allaha qalıb, desəm, səhv eləmərəm. Bir neçə il bundan əvvəl təbii hadisələr nəticəsində iri çatlar əmələ gəlmiş, sürüşmə baş vermiş Zərqava kənd məktəbinin əsaslı bərpa və təmir edilməsi gecikir. Xeyli gecikir.

Hələ 3 il əvvəl Qubanın icra başçısı Yaşar Məmmədov ANS-ə qəzalı məktəbin bərpası üçün vəsait ayrıldığını, problemin qısa vaxt ərzində aradan qaldıracağını demişdi. Həqiqətən, həmin il Zərqava məktəbinin qəzalı, uçub dağılan binasının bərpasına başlanılıb, şagirdlər isə qəzalılıqda və təhlükəlilikdə məktəb binasından heç də geridə qalmayan, yarasalar yuvası olan köhnə klub binasında dərs keçməli olublar. Əgər buna dərs keçmək demək olarsa...

Məktəbin iri çat və dəliklər açılmış sinif otaqlarında, divar və pəncərələrdə müəyyən işlər görülsə də, neçə müddətdir məktəbin bərpası yarımçıq qalıb. Bu hal məktəbin müəllim və şagird kollektivinin, valideynlərin ciddi narazılığı ilə müşayiət olunur. Valideynlərin sözlərinə görə, uşaqlara köhnə klub binasında da dərs keçmək olduqca təhlükəlidir. Bu bina da hər an uçub dağıla bilər. Valideynlər bildirir ki, növbəti dərs ilinə qədər Zərqava məktəbinin bərpası başa çatmazsa, uşaqlarını kütləvi surətdə bu məktəbdən çıxarıb qonşu kəndlərdəki təhsil ocaqlarına aparacaqlar. Çünki, bərbad, adı "sinif" olan otaqlarda keyfiyyətli dərs yazılmasından söhbət belə gedə bilməz.

Qeyd edək ki, Zərqava kənd məktəbində 143 şagirdin təlim-tərbiyəsilə 21 nəfər müəllim məşğul olur. Müəllimlər də qəzalı binada dərs keçməkdən çoxdan usanıblar. Məsələ ilə bağlı Quba rayon təhsil şöbəsinin müdiri Loğman Müslümovla əlaqə saxladıq. Loğman müəllim Zərqava məktəbinin bərpası üçün Nazirlər Kabinetinin xəttilə vəsait ayrıldığını deyərək məktəbdə bəzi işlər görüldüyünü desə də, gecikmə olduğunu təsdiqləyib.

"Hər gün bizə şikayət daxil olur, bərbad gündədir indi dərs keçilən yer də. Bir faciə baş versə, günahkar biz olacağıq. Bu qədər yubanma olarmı?" Quba icra hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova da Zərqava kənd məktəbinin bərpasının gecikməsini təsdiq edib. Özünün də əslən Zərqava nümayəndəliyindən olduğunu söyləyən müavin xanım da məsələnin müsbət həllinin marağında olduğunu söyləyib.

İcra nümayəndəsinin köməyilə mobil əlaqə yaratdığımız Zərqava kənd məktəbinin bərpası işlərini aparan tikinti təşkilatının iş icraçısı Fuad adlı şəxsdən tikinti barədə soruşmaq istədik. Ağzımızı açar-açmaz Fuad adlı iş icraçısı kobud tərzdə "Nadirə zəng edin" dedi. P.S. Nadir tikinti təşkilatının rəhbəridir. "Dövlət vəsaiti ayrılıb, niyə məktəbin bərpası gecikir?" sualının cavabında isə ondan - "yaxşı eləyirəm"- sözlərini eşitdim. Belə. Görəsən, Nazirlər Kabinetinin ayırdığı dövlət vəsaiti hesabına bərpa etdiyi məktəbin yenidənqurulmasını gecikdirməyə və "yaxşı eləyirəm" deməyə, Fuad "müəllim"ə kim ixtiyar verib?

Zərqava məktəbinin iş icraçısından kobud cavab:








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu