Yol polisində İlqar Xəlilov bəlası- jurnalist nazirə şikayət etdi




İyulun 31-dək ölkə ərazisində vətəndaşların istifadəsində olan xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışdan keçməsinin son günüdür. Avqustun 1-dən etibarən texniki baxışdan keçməyən həmin avtomobillərin sürücüləri cərimələnəcək və barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib ediləcək.

Sürücülərin həmin müddətə qədər avtomobilləri texniki baxışdan keçirməsi üçün Baş Dövlət Yol Polisinin Zabrat qəsəbəsində fəaliyyət göstərən Texniki Müayinə Mərkəzi gücləndirilmiş iş rejimində işləyir. Bu mərkəzdə işçilər hətta fasiləsiz, şənbə və bazar günləri də nahar fasiləsinə çıxmadan işləyir. Bu da sürücülərin avtomobilləri rahat texniki müayinə etməsinə şərait yaradır. Bu əslində alqışlanası haldı.

Amma... Jurnalist Samir Güləliyevin başına gələnlər başqa təəssürat yaradır. "Avtomobilimi texniki baxışdan keçirmək üçün həmin mərkəzə müraciət edəndə ilk rastlaşdığım faktdan dəhşətə gəldim" deyən jurnalist qanunvericiliyə görə, 1 avtomobilin texniki baxış rüsumun 20 manat müəyyənləşdirildiyini xatırladır: "Yəni avtomobil müayinə edilir, standartlara cavab verdiyi halda 20 manat dövlət rüsumu ödənməklə texniki baxışdan keçirilir. Əks təqdirdə avtomobil servis mərkəzlərinə göndərilir və nasazlıqlar aradan qaldırıldıqdan sonra texniki baxışdan keçirilir. Amma,mənim başıma gələn hadisə məndə tam başqa təəssürat oyatdı. Avtomobilimi texniki baxışdan keçirmək üçün mərkəzdəki 11 saylı otağa yaxınlaşdım və istifadəmdə olan avtomobilimi texniki müayinədən keçirmək istədiyimi bildirdim. Otaqda əyləşən dövlət avtomobil müfəttişi İlqar Xəlilov dərhal sənədimi alıb avtomobilimi müayinə etmədən texniki baxışdan "keçirdi". Məndən qabaq daha bir sürücü sənədlərini və 55 manat təqdim etməklə İlqar Xəlilovun texniki baxışından "keçdi". Adam sürücüyə nə texniki müayinədən keçmək üçün blank verdi, nə də avtomobili texniki baxışa təqdim etdi. Sadəcə İlqar Xəlilov pulu alıb sürücüyə avtomobilin texniki baxışdan keçməyini təstiqləyən birka təqdim edib yola saldı.

İlqar Xəlilovun növbəti "qurbanı" mən oldum. Sənədlərimi alıb heç nə soruşmadan mənim avtomobilimi texniki baxışdan keçirdi və avtomobilimin nömrə nişanını telefonla zəng vurub dəstəyin o tərəfində dayanan bir nəfərə dedi. Daha sonra sənədi və texniki baxışdan keçdiyini təstiq edən birkanı mənə təqdim etdi. Sənədi aldım və avtomobili harda müayinə etdirəcəyimi soruşanda İlqar Xəlilov "55 manatı ver çıx get, uje maşının texniki baxışdan keçdi" dedi. İ.Xəlilova bildirdim ki, texniki baxış üçün dövlət rüsumu 20 manatdır. Bu sözümdən sonra İ.Xəlilov sənədimi alıb avtomobilimin texniki pasportunun üzərinə yapışdırdığı "texniki müayinədən keçib" birkasını qoparıb sənədi kobud halda üstümə tulladı və məni otaqdan qovdu. Bildirdi ki, mənim avtomobilimi heç kim texniki baxışdan keçirə bilməz.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki, mətbuatın dostu Vaqif Əsədova müraciət etdim. V.Əsədov mərkəzdə belə bir hadisənin baş verməsinə inanmadə və məndən xahiş etdi ki, telefonu İ.Xəlilova verim. V.Əsədovun xahişini nəzərə alıb telefonu stolda yaxılaraq uzanan İlqar Xəlilova uzatdım və telefonda Vaqif Əsədovun olduğunu, onunla danışmaq istədiyini bildirdim. İlqar Xəlilov isə çox kobud halda " mən Vaqif Əsədov zad tanımıram və heç kimlə danışmaq istəmirəm, çıx dedim sənə kabinetimdən" deyib məni yenidən otaqdan qovdu.

İlqar Xəlilovun bu özbaşınalığından sonra Vaqif Əsədov məsələyə müdaxilə etdi.

Cənab polkovnikin müdaxiləsindən sonra məni mərkəzin 10 saylı otağına dəvət etdilər. Mərkəzin əməkdaşları məni olduqca nəzakətlə qarşıladı və avtomobilimin sənədlərini alıb maşını qanuni yolla texniki baxışa təqdim etdilər. Avtomobilim texniki müayinəyə təqdim edildi, qanuni rüsum ödənilməklə texniki baxışdan keçirildi. Mərkəzin əməkdaşları məni olduqca hörmətlə yola saldılar".

Bütün bunları danışan jurnalist sual edir ki, mərkəzdə bu qədər məsuliyyətli əməkdaşlar işlədiyi halda, heç bir etik qaydası olmayan, Azərbaycan polisinin adına ləkə gətirən İlqar Xəlilov kimi məsuliyətsiz, rüşvət almaqdan çəkinməyən şəxsin bu mərkəzdə işləməsinə hansı ehtiyac var: "Gün ərzində İlqar Xəlilov kimi şəxs hər sürücüdən 35 manat rüşvət almaqla avtomobilə saxta texniki baxış sənədi satmaqla milyonlar qazanır və Azərbaycan polisinin adına ləkə gətirir. Bu da sürücülərin yol polisinə olan inamını itirir.
Sonda mən daxili işlə naziri, general-polkovnik Ramil Usubova və Respublika Dövlət Yol Polisinin rəisi, general-leytenant Ramiz Zeynalova və ən əsası dostumuz Bakı şəhər Dövlət Yol Polisinin rəisi, polis polkovniki, jurnalistlərin problemlərinə daim həssas yanaşan Nuşirəvan Səfərova müraciət edirəm. İnanıram ki onlar bu məsələyə dərhal reaksiya verəcək və İlqar Xəlilov kimi rüşvətxor polis əməkdaşını ciddi cəzalandıracaq, xidmətdən kənarlaşdıracaqlar".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu