BDU-nun dosentindən Mikayıl Cabbarova və Məleykə Abbaszadəyə açıq məktub


BDU-nun dosentindən Mikayıl Cabbarova və Məleykə Abbaszadəyə


Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelinə keçilməsi ilə bağlı elan etdiyi qərar cəmiyyətdə və pedaqoji mühitdə müxtəlif suallar yaradıb. BDU-nun dosenti Ramin Mahmudzadə də yaranmış durumla bağlı öz suallarını və qənaətlərini açıq məktub formasında təhsil naziri Mikayıl Cabbarova və DİM sədri Məleykə Abbaszadəyə ünvanlayıb. R.Mahmudzadənin adları çəkilən məmurlara açıq məktubunu dərc edirik:


Hörmətli Cənab Nazir və Xanım Sədr!

İnanıram ki, dediklərimi sağlam və adekvat şəkidə qəbul edəcəksiniz. Biz Sizinlə eyni məq-sədə xidmət edirik: öz vətənini sevən, onun çiçəklənməsi naminə əlindən gələni əsirgəməyən, yaradıcı və savadlı gənclərimizin yetişdirilməsi əsas vəzifəmizdir. Xarakterik cəhət ondadır ki, bu gənclər orta məktəbi bitirdikdən sonra I sinfə qəbul olduqları texniki və sosial mühitdən tama-milə fərqlənən, yeni bir mühitdə yaşamalı olacaqlar. Siz təsəvvür edirsinizmi ki, yeni mühitə uy-ğunlaşmaq üçün gənc oğlan və qızlarımız hansı intellek ehtiyatına, mənəvi varlığa və savada ma-lik olmalı, yaxud onları qazanmalıdırlar?

Biz bu hədəflərə sizinlə fərqli tərəflərdən baxırıq – siz öz yüksək vəzifə mövqeyinizdən, mən isə təhsilin daxilindən. Siz öz kabinetlərinizin beton döşəmələrindən aşağıda nə baş verdiyini görə bilməzsiniz və yalnız öz tabeçiliyinizdə olan məmurların sizə təqdim etdikləri hesabat, ara-yış və onların şəxsi qənaətləri ilə kifayətlənməli olursunuz. Bu məlumatlar isə həmişə düzgün, prinsipial və savadlı olmur. İstənilən halda Siz özgələrinin fikirlərinə əsasən təhsilimizdə baş verənlər barədə obyektiv təsəvvürlər əldə edə bilməzsiniz.

Ancaq mən hər gün auditoriyayaya daxil olur, tələbələrimlə işləyirəm. Və bu 50 ildən artıqdır ki, davam edir. Mən uşaqların necə düşünməyə başladıqlarını, ilk dəfə universitetə necə gəldiklə-rini, oranı necə bitirdiklərini və sonradan hansı vəzifələrə sahib olduqlarını əyani şəkildə görü-rəm. Və mən əksər tələbələrimlə fəxr edirəm.

Axı mən təhsilimizin bu vəziyyətini necə qəbul edə bilərm ki, 3-cü sinif şagirdi göz yaşları ilə məktəbə getməkdən imtina edir, çünki məktəb onun üçün darıxdırıcıdır. 5-ci sinif şagirdi isə bəzi fənnlərə, sadəcə, nifrət edir. Mənə normal təhsil sisteminə malik olan bir ölkə göstərin ki, orada şagirdlər bu qədər yükün altında öz uşaqlıq həyatlarından məhrum olsunlar. Bəs bu günah-sız varlıqlar nə qədər göz yaşları axıtmalıdırlar?! F.M.Dostayevskinin bir kəlamını xatırlatmaq istərdim: “Dünyanın bütün xoşbəxtlikləri günahsız uşagın bir damcı göz yaşına da dəyməz”. Yoxsa, biz təhsilimizi TEST TƏHSİLİNƏ çevirməklə öz mənliyimizi də zibilliyə tullamış ol-duq?

Səhv başa düşülməmək üçün test barədə fikirlərimə aydınlıq gətirmək istərdim. Mənim üçün test bəzi biliklərin yoxlanması üçün bir vasitədir. O, xüsusilə, kütləvi yoxlamalar və fərdi özünü-qiymətləndirmə üçün əlverişlidir. Test biliklərin universal yoxlama üsulu deyil. Yaradıcı təfək-kürü qiymətləndirmək çox çətindir, test vasitəsilə isə demək olar ki, heç mümkün deyil. Lakin testlərdən əsas pedaqoji təlim üsulu kimi istifadə etmək təhsilimizi TEST TƏHSİLİNƏ çevirmək deməkdir. Biz isə bunu artıq 26 ildir ki, tətbiq edirik. Bu gün hətta orta siniflərdə dərs deyən müəllimlər də öz fənnlərini testlər əsasında tədris edirlər. Belə müəllimlər öz şagirdlərinə nə verə bilər?

İndi isə bugünkü əsas problemə qayıdaq

29 sentyabr mənim yaddaşımda QARA CÜMƏ kimi qaldı. Həmin gün mən bütün qruplar üzrə 2019-cu il qəbul imtahanlarının siyahısı ilə tanış oldum. Yenə də I qrup üzrə hamının KİMYADAN imtahan verəcəyini görəndə dəhşətə gəldim!

Axı bu necə ola bilər?! İki il əvvəl hörmətli Sədr məni əmin etmişdi ki, bu problemi gözəl başa düşür və 2019-cu ildən etibarən hər şey dəyişəcək. Təhsil Nazirliyinin əməkdaşları da məni arxayın salmışdılar ki, 2019-cu ildə artıq hər şey öz yerini tutacaq. Bu yerdə mən ara ifadələrini işlətməkdən özümü saxlaya bilmirəm (hərçənd ki, bu cür ifadələri işlətmirəm) – deməli, məni sadəcə, “yola vermişdilər”.

Doğrudur, biz KİMYA ölkəsi olmuşuq. Kimyanın inkişafına bizim alimlərimiz böyük töhfələr vermişlər. O zamanlar hamı kimyanı bilməliydi. 1956-cı ildə ADU-nun (indiki BDU)

mexanika-riyaziyyat fakültəsinə qəbul olanda mən də kimyadan imtahan vermişdim və kimya mənim ən çox sevdiyim fənlərdən biri idi. Lakin o zamanlar keçdi. Ölkə dəyişdi, yeni sahələr meydana çıxdı və bir çox ali məktəblərin qəbul imtahanları siyahısından Kimya fənni çıxarıldı. Və BDU-nun mexanika-riyaziyyat və tətbiqi riyaziyyat fakültələrinə qəbul zamanı da artıq Kimyadan imtahan vermək tələb olunmurdu. Lakin 1992-ci ildən Qəbul Komissiyası naməlum səbəblərdən Kimya fənnini yenidən bu ixtisaslar üzrə qəbul imtahanına daxil etdi. Biz belə hesab edirdik ki, bu ötəri bir haldır. Lakin o vaxtdan artıq 25 il keçir və heç nə də dəyişmir!

Budur, artıq dönüş nöqtəsi olan 2019-cu il də yaxınlaşır. KURİKULUMLA təhsil almağa başlayan şagirdlər məhz 2019-cu ildə orta məktəbi bitirəcəklər. Ölkə 1992-ci illə müqayisəolun-maz dərəcədə dəyişmişdir. İnformasiya texnologiyaları böyük sürətlə tədqiqat və sənaye texnolo-giyalarının prioritet istiqamətinə çevrilir. İndi artıq hamıya aydındır ki, informasiya texnologiya-larının inkişafına nail olmadan nə ölkənin müdafiə qabiliyyəti, nə onun informasiya təhlükəsizliyi, nə də ölkə vətəndaşlarının normal həyat tərzi təmin oluna bilməz. Mütəxəssislər yetişdirmədən isə ölkədə inkişaf etmiş informasiya texnologiyalarına nail olmaq mümkün deyil. Möhtərəm Prezidentimiz də bu barədə dəfələrlə göstərişlər vermiş, qərarlar qəbul etmişdir. Bu-yurun, Möhtərəm Prezidentimizin qəbul etdiyi qərarları, göstəriş və tapşırıqlarını yenidə oxuya bilərsiniz.

Beləliklə, birinci məsələ – kimya barədə

Artiq biz neçə ildir ki, təkrar-təkrar deyirik: riyaziyyat və kompüter ixtisaslarına qəbul imta-hanlarına bu ixtisaslarda tədris olunmayan KİMYA fənninin əvəzinə, həmin fakültələrdə tədris olunan İNFORMATİKA fənnindən suallar salınmalıdır. Çox aydın və sadə bir məntiqdir.

Bu ixtisaslara KİMYADAN imtahan vermək heç bir məntiqə sığmır. Hətta, əgər KİMYA əvəzinə BİOLOGİYANI imtahana salsaydınız, bunu birtəhər əsaslandırmaq olardı. Çünki infor-masiya texnologiyaları tədricən ROBOT TEXNOLOGİYALARI ilə əvəzlənməlidir ki, bu proses də bioproseslərin öyrənilməsini tələb edir. Və mən əminəm ki, bir neçə il sonra artıq BİONİKA kompüter ixtisasları üçün zəruri bir sahə sayılacaqdır. Bunun üçünsə, əlbəttə, Biologiyanı bilmək lazımdır. Bir də, əgər siz həmişə qərbə istinad edirsinizsə, orda elə bir ali məktəb göstərin ki, onlar da Riyaziyyat və İnformatika ixtisaslarına qəbul zamanı KİMYADAN imtahan daxil etmiş olsunlar.

İkinci məsələ – informatika barədə

Mən əvvəlcə, Xanım Sədrə müraciət etmək istərdim.

Hörmətli Məleykə xanım!

Xatırlatmaq istəyirəm ki, Siz özünüz məktəb İnformatikasının inkişafı keşiyini çəkənlərdən biri olmusunuz. Biz Sizinlə məktəblərə verilən YAMAHA və KORVET-lərə birgə sevinirdik. Müəllimlərə kömək edir, kompüterlərdən düzgün istifadəni və dərslərin gedişatını yoxlayırdıq. Kompüter üzrə uşaqlar üçün ilk yay düşərgəsinin əsas təşəbbüskarı elə Siz özünüz olmusunuz. Zaqulbada ilk Beynəlxalq İnformatika Konfransını da bir yerdə uğurla həyata keçirmişik. Bu sahədə Sizin dəstəyiniz əvəzsiz idi. O zaman Respublika Olimpiadası qalibinin Ali məktəbə imtahansız qəbul olunmasına, çətinliklə də olsa, Sizinlə birgə nail ola bildik. Sizin Məktəb İnformatikasının inkişafında xidmətlərinizi yenə də sadalaya bilərəm. Siz çox gözəl bilirsiniz ki, əgər İNFORMATİKADAN İMTAHAN yoxdursa, onda MƏKTƏB İNFORMATİKASININ özü yoxdur!

Nə edək? – Təhsil Nazirliyi bu ötən 25 ildə fənlərin tədrisinə həqiqi nəzarəti təmin edə bilmədi. Nəticədə, əgər informatikadan imtahan yoxdursa, məktəblərdə ya onu başqa bir fənlə əvəz edirlər, ya da dərs zamanı kompüterdə mənasız işlərlə məşğul olurlar.

Əgər, işdir, birdən informatika müəllimi həqiqətən dərs keçmək fikrinə düşərsə, onda da vali-deynlər imtahana düşməyən fənlə uşaqları yorduğuna görə müəllimi günahlandırırlar. Əlbəttə,

elə məktəblərimiz də vardır ki, orada əsl pedaqoqlar ürək yanğısı ilə öz peşələrini vicdanla yerinə yetirirlər. Lakin təəssüf ki, bu hallar istisna təşkil edir.

Siz bütün bunları yaxşı bilirsiniz. ELƏ ONA GÖRƏ DƏ Sizin Təhsil Nazirliyi ilə birgə qəbul etdiyiniz qərar, yumşaq desək, səmimi deyil – ən azı Sizin keçmiş işlərinizə görə.

Nəhayət, üçüncü məsələ – 04.10.17 tarixində keçirilmiş “açıq dərs” barədə

Bu “Açıq dərs” verilişinin qonaqları DİM və Təhsil Nazirliyinin nümayındələri idi. Onların hər ikisi yaxşı və yaxın tanışlarımdandırlar (qoy onlar mənim yazacaqlarımdan inciməsinlər). Təhsil Nazirliyinin nümayəndəsi informatikanın imtahana salnmaması barədə verilmiş sualdan ümumi sözlər və hansısa rəqəmlərlə yaxa qurtarmağa çalışdı. Ona məsləhət görərdim ki, qəbul ixtisasları arasında İnformasiya Texnologiyaları ixtisaslarının statistikasına nəzər salsın və bu qrupun bütün digər fənn qrupları arasında ən böyük olduğuna əmin olsun.

DİM nümayəndəsi isə dedi ki, bu məsələ ilə bağlı tədqiqatlar aprmaq lazımdır (?!). Nəyi tədqiq etmək lazımdır? Nə qədər tədqiq etmək olar?! Xanım Sədr, Cənab Nazir, doğrudur, bundan sonra mətbuatda çıxış etdiniz. Belə məlum oldu ki, imtahan veriləcək fənlərin böyük tədqiqatlar nəticəsində müəyyən olunan siyahısı birgə qərarınızla təsdiq edilmişdir. Belə bir məsləhətim var: DİM Təhsil Nazirliyinə "İnformatika Problemləri İnstitutu" yaratmağı təklif edir. 10-15 illik intensiv və geniş tədqiqatlar nəticəsində İnformatika sahəsində yeni problemlər yaratdıqdan sonra onun adını dəyişib "İnformatika İnstitutu" qoyulsun ki, o da bu fənnin imtahana daxil edilməsinə çalışsın.

DİM nümayəndəsi daha bir “dahiyanə” fikir də səsləndirdi: bir halda ki, ixtiyari riyazi məsələni həll etmək üçün alqoritmdən istifadə edilir, onda İnformatikanı imtahana daxil etməyə nə ehtiyac var? Onda nə üçün Fizikaya qəbul zamanı Riyaziyyatdan imtahan götürülür? Axı elə Fizika başdan ayağa riyazi düsturlardan ibarətdir. Bunun özü də bir “dahiyanə” fikirdir!

Ən nəhayət, dördüncü – sonuncu məsələ

Sizin belə qərar qəbul etməyinizin iki səbəbini görürəm:

1. İnformasiya Texnologiyalarının dünyada real vəziyyəti və perspektivləri barədə kifayət qədər məlumatın olmaması – bu versiya mənim çox da xoşuma gəlmir.

2. Yeni bir fənnin daxil edilməsi əlavə olaraq həm maliyyə, həm də insan resursları tələb edir. Test bankları yaratmaq, testləri təhlil etmək, normal testləri yaradan pedaqoqlar tapmaq, bu pedaqoqlara əmək haqqı vermək və s. Sizdə isə bütün bu işlərə əlavə maliyyə çatışmır. Əgər bu belədirsə, açıqca deyin.

Beləliklə, qərar qəbul olunub. Qərar isə doğru qərar deyil. Mən inanıram ki, vaxt gələcək, daha düzgün qərar qəbul olunacaqdır. Lakin ölkəmizin TƏHSİLİ TARİXİNƏ 29 sentyabr 2017 ci il – Qara Cümə günü Sizin adınızla daxil olacaqdır.

Sizin başqa böyük işlərinizə hörmətlə,

BDU-nun dosenti, Şöhrət Ordenli

Ramin Mahmudzadə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu