“Azərsun”un sponsoru olduğu verilişdə ermənilər “Can Qarabağ” oxudular- VİDEO


“Azərsun”un sponsoru olduğu verilişdə ermənilər “Can Qarabağ” oxudular-


Azərbaycanlılar şirkəti sponsorluqdan imtina etməyə çağırır



Rusiyanın məşhur “Pole çudes” şousunda erməni iştirakçı efirdə “Can Qarabağ” mahnısını səsləndirib.

AFN xəbər verir ki, “Azərsun Holdinq”in (daha dəqiqi, “Azərsun” məhsulu olan “Azərçay”ın) sponsorları sırasında yer aldığı verilişdə erməni iştirakçının ifasından sonra aparıcı Leonid Yakuboviç “Azərçay”ın reklamını səsləndirib.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri buna olduqca kəskin reaksiya veriblər. Verilişin həmin buraxılışının videosu youtube kanalından silinsə də, müxtəlif mənbələrdə həmin hissə qalmaqdadır. Parçanı redaksiyamıza göndərən oxucular “Azərsun”un verilişin sponsorluğundan imtina etməsinin vacibliyini önə çəkirlər.
Qeyd edək ki, a24.az məsələyə millət vəkillərindən münasibət öyrənib. Millət vəkili Vahid Əhmədov “Azərsun”un həmin verilişə rəsmi olaraq etiraz etməsini və sponsorluqdan imtina etməsini tələb edib. O, bildirib ki, maliyyə dəstəkçisi olduğumuz verilişdə erməni təxribatının törədilməsi mümkünsüzdür: “Bunu qətiyyətlə pisləyirəm. Belə bir verilişdə bizim səsimizi dünyaya çatdırmaq əvəzinə, ermənilərin təxribatı canlandırılırsa, “Azərçay” necə sponsorluq edə bilər? Bununla bağlı holdinq sponsorluqdan imtina etməli və rəsmi olaraq öz etirazını bildirməlidir. Çünki Azərbaycan brendi olan “Azərçay”ın maliyyə dəstəyi verdiyi verilişdə erməninin “Can Qarabağ” mahnısını öz dilində ifa etməsi yolverilməzdir.
Erməni təxribatından söhbət düşmüşkən deyə bilərəm ki, onların təxribatı bitən deyil. Üzdə bir söz danışıb, arxada başqa söz danışan millətdir. Buna görə də onların təxribatlarının qarşısını maksimum dərəcədə almaq lazımdır. Rusiyada fəaliyyət göstərən bir sıra Azərbaycanın diaspora təşkilatları var ki, onlar belə vəziyyətlərdə narazılıq edib, etirazlarını bildirməlidir”.
Deputat Aqil Abbas bildirib ki, bu durum ciddi təxribatdır və Azərsun həmin verilişə olan maliyyə dəstəyini dayandırmalıdır: “Bu məsələ haqqında məlumatım yox idi. Madam ki, deyirsiniz məsələ belədir, bu cür təxribat hallarının törədilməsi yolverilməzdir. “Azərsun” da bu hadisədən sonra öz sponsorluğunu dayandırmalı və ciddi şəkildə həmin verilişə öz etirazını bildirməlidir”.

Fazil Mustafa və Çingiz Qənizadə də məsələyə münasibət bildiriblər. Çox maraqlıdır ki, F.Mustafa şirkətin sponsorluq etdiyi verilişin proqram siyasətinə qarışa bilmədiyini deyib. Ç.Qənizadə isə şirkətin məsələyə münasibət bildirəcəyinə inandığını qeyd edib.

Məsələ ilə bağlı “Azərsun”un mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu