Azərbaycanda ən bərbad Heydər Əliyev prospekti Xırdalandadır- İTTİHAM


Prezident İlham Əliyev bu gün Xırdalana səfər edib. Ölkə başçısının ərazidə olması ilə bağlı rəsmi məlumatlar yayılıb, orada baş çəkdiyi obyektlər haqda bilgi verilib. Lakin Abşeron rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti, Xırdalanda mövcud olan yol problemi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

AFN xəbər verir ki, tanınmış jurnalist Cavid İsmayıl ölkə başçısının Xırdalana Xırdalan dairəsindən deyil, hansısa başqa yoldan daxil olduğu ehtimalını irəli sürüb: “Prezident İlham Əliyev yəqin ki, bu dəfə də Xırdalan dairəsindən deyil, ya Masazır dairəsindən, ya da Qafqaz Universiteti tərəfdən daxil olub Xırdalana.
Azərbaycanda bütün şəhər və rayonlarda Heydər Əliyev prospekti var. Xırdalan yeganə yerdir ki, İlham Əliyev ora gələndə Heydər Əliyev prospektindən keçmir. Daha doğrusu, keçməsinə imkan yaratmırlar. Çünki keçsə, Abşeronda bütün vəzifəli şəxsləri istefaya göndərər. Niyə də göndərməsin? Adamın özünün və atasının şəklinin altında oturub pul qazanırlar, bircə Heydər Əliyev prospektinə normal asfalt çəkə bilmirlər. Azərbaycanda ən bərbad Heydər Əliyev prospekti Xırdalandadır...”
Jurnalist onu da qeyd edib ki, “Kristal Absheron” Xırdalandakı köhnə bazarla üzbəüz 20 bina tikib, bu binanın sakinləri üçün cəmi bir çıxış qoyub. “Əsas tıxacı da o binaya giriş-çıxış yaradır” – deyə o qeyd edib.

İqtisadçı ekspert Rövşən Ağayev isə bildirib ki, yolun keyfiyyəti bir problemdi, darlığı başqa ciddi problem: “Köhnə bazardan sonrakı hissədə prospekt adlandırılan bu yolun eni cəmi 3 zolaqdır. Son 6-7 ildə çoxmərtəbəli binalar üçün tikinti sərəncamı verən adamların 200 min əhalisi olan və şəhər statusu olan yaşayış məntəqəsinin prospekt adlandırılan mərkəzi küçəsinin heç olmazsa 4 zolaqlı yolunun olması, ictimai nəqliyyatın hərəkət etməsi və dayanması üçün əlavə zolağın, bu yolun hər iki tərəfində maşınların dayanması üçün ehtiyat zolağın, piyada səkilərinin saxlanması belə yadlarına düşməyib. Cəmi 2 min əhalisi olan kəndimizin indiki yolu 200 min əhalisi olan Xırdalanın mərkəzi küçəsi qədər enlidir”.
Başqa sosial şəbəkə istifadəçiləri də Abşeron Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətindən narazılıq ediblər. Bildirilir ki, rayonda “yüksək səviyyədə” görülən yeganə iş torpaq satmaqdır: “Torpaqları qarış-qarış satırlar. Xırdalanda artıq piyadaların hərəkəti problemə çevrilib, nəinki avtomobil yollarının genişliyindən danışmaq. Zakir Fərəcov getdi yerinə öz “şagirdi”ni qoydu. Ona görə də vəziyyət dəyişmədi, əksinə ağırlaşdı”.
Rayonda məskunlaşan məcburi köçkün ailəsi isə AFN-in redaksiyasına ünvanladığı məktubda bildirir ki, dəfələrlə rayon rəhbərliyinin qəbulunda olsa da yaşadığı şəraitin azacıq da olsa dəyişməsi üçün heç bir tədbir görülməyib: “Ağdam rayonundan məcburi köçkün düşmüşük. Vaxtilə mağaza kimi fəaliyyət göstərən yarızirzəmi iki otaqda məskunlaşmışıq. Binadakı nəmişlik ucbatından iki övladımın ikisinin də səhhətində ağır problem yaranıb. Biri hətta ağır əməliyyata düşüb – hər ikisi revmatizmdən (yel xəstəliyi-red.) əziyyət çəkir. İllərdir ki, yağan yağışlar bizim yaşadığımız tikilinin içinə düşür. Abşeronun keçmiş və indiki rəhbərliyinin qəbulunda olub xahiş etmişəm ki, heç olmasa təmirə kömək etsinlər, heç bir reaksiya vermirlər”.

Məlumat üçün qeyd edək ki, Abşeron RİH-ə 2015-ci ilin sentyabrından İradə Gülməmmədova rəhbərlik edir. Bu vəzifədə Zakir Fərəcovu (Sumqayıtın hazırkı icra başçısı-red.) əvəzləyən İ.Gülməmmədova uzun illər həmin qurumda çalışıb.

Bundan əvvəl Abşeron RİH-in mətbuat xidmətindən mövqe almaq cəhdlərimiz boşa çıxsa da, yazıda qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu